Zelenski: Putinin nümayəndələri Əbu-Dabidə Ukraynanın atəşkəs təklifini rədd edib

Foto: Press Service of the President of Ukraine, CC BY 4.0, Wikimedia Commons
11-11-2026 23:44

Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya heyətinin Kiyevin atəşkəs təklifini qəbul etmədiyini bildirib. “Atəşkəs olmayacaq. Rusiya nümayəndələri bizim təklifimizi rədd etdilər”, - Zelenski deyib. Açıqlamada təklifin təfərrüatları verilməyib.

Bir gün əvvəl Ukraynanın xarici işlər naziri Andri Sıbiha Kiyevin Moskvaya Qara dənizdə və enerji obyektlərində atəşkəs təklif etdiyini, bu təklifi Türkiyə, Misir və Hindistan vasitəsilə ötürdüyünü demişdi. Danışıqlardan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Moskvanın Avropanın istədiyi dərhal atəşkəsə razı olmayacağını bildirmişdi.

ABŞ-nin vasitəçiliyi ilə Rusiya, Ukrayna və ABŞ heyətləri arasında Əbu-Dabidə iki gün davam edən danışıqlar noyabrın 11-də başa çatıb. Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Rusiya prezidenti noyabrın 12-də günün birinci yarısında Moskvada Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşəcək.

Danışıqlar bitən gün hava hücumları da davam edib. Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, Rusiya ordusu Borispol rayonundakı Yaqotin şəhərinə dronlarla hücum edib, bir nəfər ölüb, yaralananlar var. Onun sözlərinə görə, iki uşaq bağçasının pəncərələri sınıb, iki yaşayış evi və avtomobil zədələnib.

Digər xəbərlər