Tramp İranla müharibədə “93 faizlik yox, tam qələbə” istədiyini deyir, Tehran güzəştə getmədiyini bildirir

Arxiv foto: Tramp Arlinqton Milli Qəbiristanlığında. The White House, Public domain, Wikimedia Commons
12-11-2026 04:41

ABŞ prezidenti Donald Tramp noyabrın 11-də Arlinqton Milli Qəbiristanlığında Veteranlar Günü mərasimində çıxış edərkən İranla müharibənin tezliklə bitəcəyini deyib. Onun sözlərinə görə, ABŞ hərbi baxımdan artıq qalib gəlib: “Biz qalib gəlmişik. Sual yalnız bunu nə vaxt bitirəcəyimizdir”. Tramp əlavə edib ki, “93 faizlik yox, tam qələbə” istəyir.

Tehran isə ABŞ-nin şərtlərini qəbul etməyə hazır olmadığını göstərir. İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “Al Jazeera” telekanalına müsahibəsində deyib ki, Hörmüz boğazının yenidən açılması və danışıqların bərpası üçün İranın irəli sürdüyü yeddi şərtə Vaşinqton hələlik rəsmi cavab verməyib. Qalibafın sözlərinə görə, bu şərtlər tam yerinə yetirilməzdən əvvəl nə boğaz açılacaq, nə də danışıqlar davam edəcək. O, razılığın əldə olunmamasının əsas səbəbi kimi ABŞ-yə etimadsızlığı və Vaşinqtonun “həddindən artıq” tələblərini göstərib.

İran prezidenti Məsud Pezeşkian bundan əvvəl, bazar ertəsi, ali lider Müctəba Xamneyinin ölkədəki “nə müharibə, nə sülh” vəziyyətinə son qoyulmasını tapşırdığını demişdi. Pezeşkianın sözlərinə görə, mübahisə danışıqlarla həll oluna bilər, amma İran təzyiq qarşısında geri çəkilməyəcək.

Əsas mübahisələrdən biri İranın nüvə proqramıdır. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Livanın “Əl-Mayadin” telekanalına deyib ki, zənginləşdirilmiş uran ölkədən çıxarılmayacaq və Rusiyaya da verilməyəcək. Rusiya Xarici İşlər Nazirliyi isə uranı qəbul etmək təklifinin qüvvədə qaldığını, amma qərarın yalnız Tehrana aid olduğunu bildirib.

“The Wall Street Journal” qəzeti ABŞ və Yaxın Şərq rəsmilərinə istinadən yazır ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Rzai ilə üz-üzə danışıqlar aparmağı nəzərdən keçirir və Tramp ona İranla danışıqlar aparmaq səlahiyyəti verib. Qəzetin məlumatına görə, Vens oktyabrda Rzaiyə məktub göndərib görüş istəyib, görüş yeri kimi Doha müzakirə olunur, amma tarix bəlli deyil. Qalibafın müşaviri Mehdi Məhəmmədi isə Tehranın Vaşinqton İranın təklifinə yekun cavab verməzdən əvvəl birbaşa danışıqlar təklifini rədd etdiyini bildirib.

Danışıqlar dalana dirəndiyi bir vaxtda ABŞ dəniz blokadası və sanksiyalarla İrana iqtisadi təzyiqi artırmağa çalışır. “Böyük yeddilik” ölkələrinin xarici işlər nazirləri də noyabrın 11-də diplomatiya nəticə verməsə, İrana iqtisadi və siyasi təzyiqi davam etdirəcəklərini bəyan ediblər. Pakistan isə iki tərəf arasında vasitəçilik cəhdlərini davam etdirir.

Digər xəbərlər