Zelenski: Putin başqa reallıqda yaşayır, Donbası sülh müqabilində verməyəcəyik

Arxiv foto: MSC / Kuhlmann, CC BY-SA 4.0, Wikimedia Commons
11-11-2026 03:48

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Donetsk vilayətinin Kiyevin nəzarətində qalan hissəsini sülh razılaşması müqabilində almaq tələbini qəbul etməyəcəklərini deyib. O, bunu Danimarkada keçirdiyi mətbuat konfransında və Danimarkanın “DR” yayım şirkətinə müsahibəsində bildirib. Açıqlamalar ABŞ vasitəçiliyi ilə Əbu-Dabidə Rusiya və Ukrayna heyətləri arasında keçirilən danışıqların birinci günündən sonra verilib.

Zelenskinin sözlərinə görə, danışıqlarda Rusiyanın hərbi və kəşfiyyat nümayəndələri Ukraynanın nəzarətində qalan Donbas ərazisinin yarısını artıq tutduqlarını “çox ciddi şəkildə” iddia ediblər. Ukrayna heyəti isə bunu ərazinin Ukraynanın nəzarətində olduğunu göstərən video görüntülərlə təkzib edib. “Problem ondadır ki, Putin bir qədər başqa informasiya məkanında yaşayır, bu, başqa reallıqdır. Təbii ki, o, Amerikaya deyir: “Mənə bir, iki, üç ay lazımdır və Ukraynanın şərqini tamamilə tutacağıq”. Mən də ona tam işğal baş verəcəyini göstərən belə bir şəkil çəkə bilərəm, amma bu, həqiqət deyil”, - Zelenski deyib. Onun sözlərinə görə, danışıqlarda iştirak edən NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin komandanı Aleksus Qrinkeviç Ukraynanın cəbhə xəritəsinin reallığa daha yaxın olduğunu təsdiqləyib.

“DR”ə müsahibəsində Zelenski ABŞ tərəfinin Donbasın NATO-ya bənzər təhlükəsizlik zəmanətləri müqabilində verilməsini təklif etdiyini deyib. Ukrayna prezidenti bu zəmanətlərin konkret olaraq nəyi əhatə edəcəyini və Ukrayna NATO-ya üzv olmadan təhlükəsizliyinin necə təmin olunacağını soruşub. Onun fikrincə, Ukrayna Donbasdan çəkilsə, Rusiya müharibəni dayandırmayacaq, sadəcə fasilə verib bir, iki və ya beş ildən sonra yenidən hücuma keçəcək. Zelenski müharibəni dayandırmağın ən sürətli yolunu mövcud cəbhə xətti boyunca atəşkəs və danışıqların davamı adlandırıb.

Zelenski Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsinin də müzakirə olunduğunu deyib: “Mübadilə imkanını müzakirə etdik, 1000-ə 1000, bəlkə də 1500-ə 1500 etmək istəyirlər. Amerikalılar böyük mübadilə gündəliyi ilə Rusiyaya gedəcəklər”. Onun sözlərinə görə, ərazi məsələsini Rusiya tərəfi qaldırıb, bu isə liderlər səviyyəsində həll olunacaq məsələdir. Danışıqlarda Ukraynanın NATO və Avropa İttifaqı ilə bağlı perspektivi də gündəmə gəlib, Avropa nümayəndələri də iştirak edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov bir gün əvvəl Moskvanın Avropanın tələb etdiyi dərhal atəşkəsə razı olmayacağını demişdi. Zelenski isə Rusiyanın soyuqlar düşdükcə Ukraynanın enerji sisteminə zərbələri gücləndirməyə hazırlaşdığını, Kiyevin tərəfdaşlardan yeni hava hücumundan müdafiə sistemləri istədiyini bildirib.

Digər xəbərlər