İran Keşikçilər Korpusu Hörmüz boğazında bir gündə üçüncü tankerin minaya düşdüyünü deyir, BƏƏ gəmisi də zədələnib
Foto: Department of Defense. American Forces Information Service. Defense Visual Information Center. 1994, Public domain, Wikimedia Commonsİranın İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında noyabrın 10-da üçüncü tankerin dəniz minasına düşərək partladığını və alovlandığını bildirib. Korpus tankerin “qanunsuz fəaliyyətə qarışdığını” iddia edir.
Keşikçilər Korpusu Telegram kanalında yaydığı açıqlamada tankerin adını və hansı ölkəyə məxsus olduğunu göstərməyib. Gün ərzində Korpus daha iki tankerin Tehranın icazə vermədiyi marşrutla boğazdan keçməyə cəhd edərkən partladığını demişdi. ABŞ əvvəlki oxşar açıqlamaların həqiqətə uyğun olmadığını bildirib.
Həmin gün Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) dəniz logistikası bölməsi “ADNOC Logistics & Services” BƏƏ-nin Fars körfəzindəki ərazi sularında baş verən hücum nəticəsində gəmilərindən birinin zədələndiyini təsdiqləyib. Şirkət hücumu kimin etdiyini və xəsarət alan olub-olmadığını açıqlamayıb, yalnız mütəxəssislərin nəticələri aradan qaldırmaq üçün işlədiyini bildirib.
Hörmüz boğazı dünyada dənizlə daşınan neftin təxminən beşdə birinin keçdiyi yoldur. ABŞ-İran müharibəsi başlayandan bəri boğazdakı gərginlik neft qiymətlərini yuxarı qaldırır, bu isə büdcəsi neft gəlirindən asılı olan Azərbaycan kimi ixracatçılar üçün qiymətin artması deməkdir.
ABŞ dövlət katibi Marko Rubio isə eyni gün İrana qarşı iqtisadi təzyiqin nəticə verdiyini və genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac olmadığını deyib.


