Tramp İrana yenidən zərbə endirməyə ehtiyac qalmayacağını deyəndən sonra “Brent” nefti 4 faizdən çox ucuzlaşıb
İllüstrativ foto: Ank Kumar, CC BY-SA 4.0, Wikimedia CommonsNoyabrın 9-u axşam London birjasında “Brent” markalı neftin yanvar fyuçersləri 4,17 dollar (4,24 faiz) ucuzlaşaraq barel üçün 94,15 dollara düşüb. Nyu-York birjasında WTI markalı neftin dekabr fyuçersləri isə 3,29 dollar (3,62 faiz) azalaraq 87,54 dollara enib.
Qiymət ABŞ prezidenti Donald Trampın İrana zərbələri çox güman ki, bərpa etməli olmayacaqlarını deməsindən sonra düşüb. Tramp Tehranın çətin vəziyyətdə olduğunu və Vaşinqtonla razılaşma istədiyini söyləyib, eyni zamanda lazım gələrsə, zərbələrə hazır olduqlarını, hərbçilərin İran infrastrukturu üzrə plan hazırladığını əlavə edib.
“Interfax” agentliyi ucuzlaşmanın Qətərin gələn həftə ABŞ vitse-prezidenti Cey Di Vens ilə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi arasında görüş hazırladığı barədə xəbərdən sonra gücləndiyini yazır. Bu məlumatı “Clash Report” sosial media hesabı Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalına istinadən yayıb.
“DNB Carnegie” şirkətinin baş analitiki Helge Andre Martinsen deyib ki, “görünür, neft bazarı fırtınadan əvvəlki sakitliyi yaşayır”. Onun sözlərinə görə, diplomatik irəliləyiş qiymətləri kəskin sala bilər, Yaxın Şərqdə döyüşlərin bərpası isə əhəmiyyətli dərəcədə qaldıra bilər.
Neft qiyməti Azərbaycan üçün birbaşa büdcə məsələsidir. Azərbaycanın 2027-ci il büdcə layihəsində neftin bir bareli 65 dollar götürülüb, büdcə sənədlərində “fiskal itkisiz” qiymət isə 85 dollar göstərilir.


