SOCAR Çinin “Sinopec” şirkəti ilə satınalma və təchizat üzrə memorandum imzalayıb
Arxiv foto: WhisperToMe, CC0, Wikimedia CommonsAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çinin Şanxay şəhərində “China Petroleum & Chemical Corporation” (“Sinopec Corp.”) ilə strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. SOCAR-ın məlumatına görə, sənədə şirkətin vitse-prezidenti Fuad Musayev və “Sinopec”in vitse-prezidenti Li Yuxing imza atıb.
Memorandum tərəflərin təchizatçılar barədə məlumat mübadiləsini, təchizat zəncirinin idarə olunması strategiyalarının hazırlanmasını və iş təcrübəsinin paylaşılmasını nəzərdə tutur.
Bakı ilə Pekin son illər yaxınlaşır. Bu ilin əvvəlində SOCAR, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu “Galaxy Orientis” Çin-ASEAN İnvestisiya Platformasını təsis ediblər. 2024-cü il iyulun 3-də iki ölkə strateji tərəfdaşlıq haqqında birgə bəyannamə qəbul edib, ötən il isə ümumvətəndaş pasportları üçün vizasız rejim barədə saziş qüvvəyə minib. Hazırda Çin Azərbaycanın idxalında birinci yeri tutur.
Azadlıq Radiosu yazır ki, müxalifət düşərgəsi Çin və Rusiya ilə əlaqələri dərinləşdirmək əvəzinə Qərbə inteqrasiyanı sürətləndirməyi vacib sayır və Çinlə yaxınlaşmanın ABŞ ilə güclənən əməkdaşlığa xələl gətirə biləcəyini düşünür.


