Tramp İrana qarşı quru blokadasının qüvvəyə mindiyini deyir, Rubio Tehranın tələblərini “gülünc” adlandırır
Arxiv foto: The White House, Public domain, Wikimedia CommonsABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb ki, İrana qarşı yaradılan “Dəmir Qapı” (“Iron Gate”) işçi qrupu artıq fəaliyyətdədir. “Dəmir Qapı işçi qrupu İran İslam Respublikasında tam gücü ilə qüvvədədir”, - Tramp noyabrın 8-də yazıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) noyabrın 7-də elan etdiyi plan qabaqcıl silahların və sanksiya altındakı malların İrana quru sərhədlərdən və Xəzər dənizindən daşınmasının qarşısını almağı hədəfləyir. ABŞ gəmilərinin Xəzərdə fəaliyyət göstərə biləcəyi isə aydın deyil: Azərbaycanın da imzaladığı 2018-ci il Aktau konvensiyası dənizdə xəzəryanı olmayan ölkələrin silahlı qüvvələrinin olmasını qadağan edir. Azərbaycan həm Xəzər sahilində yerləşir, həm də İranla quru sərhədi olan ölkələrdəndir.
Dövlət katibi Marko Rubio bazar günü jurnalistlərə deyib ki, danışıqlarda nəticə gözlənilmir. “Sıçrayışın astanasında olduğumuzu deməzdim”, - o bildirib və əlavə edib: “İranın tələbləri sadəcə qəbuledilməz deyil, bəzi hallarda hədsiz və gülüncdür”.
“Reuters” agentliyinə danışan yüksək rütbəli İran rəsmisinin sözlərinə görə, Tehran Qətər vasitəsilə nüvə təklifini çatdırıb, amma müzakirələrin davamı üçün sanksiyaların götürülməsi, dondurulmuş aktivlərə çıxış və müharibə təzminatı tələb edir. ABŞ isə nüvə məsələsinin ilk növbədə müzakirə olunmasını istəyir. İranın xarici işlər naziri Abbas Əraqçi vasitəçilərin ABŞ-də keçirilən aralıq seçkilərdən sonra bir neçə gündür fəaliyyət göstərmədiyini deyib.
“60 Minutes” proqramında müharibəni böyütmək istəyib-istəmədiyi soruşulan Tramp cavab verib: “Bunun üçün heç bir səbəb görmürəm”. O, ABŞ-nin “Pikaks dağı” adlandırdığı əraziyə hazırda müdaxiləyə ehtiyac olmadığını, lazım olarsa məsələni bir saat ərzində həll edəcəklərini bildirib, jurnalistlərə isə İranda qalib gəldiklərini və məsələnin yalnız nə vaxt bitiriləcəyində olduğunu deyib. Tehran həmin ərazinin nüvə obyekti olduğunu rədd edir.
Bu arada “MarineTraffic” məlumatlarına görə, ABŞ-nin “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi Malakka boğazına daxil olub və Yaxın Şərqə doğru gedir. Keşikçilər Korpusuna yaxın “Tasnim” agentliyi isə bazar günü ABŞ qüvvələrinin atdığı mərminin Qeşm adasına düşdüyünü yazıb.


