Rusiya: Leninqrad vilayətində bir gecədə 113 dron vurulub, neft zavodu olan Kirişidə sənaye zonasına zərbə dəyib
Arxiv foto: Nonexyst, CC BY-SA 3.0, Wikimedia CommonsRusiyanın Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko noyabrın 9-u səhər bildirib ki, vilayət üzərində bir gecədə 113 Ukrayna dronu vurulub. Qubernatorun “Max” messencerindəki açıqlamasına görə, Kirişi şəhərinin sənaye zonasına dron dəyib.
Drozdenkonun sözlərinə görə, dron qəlpələri Kirişidə yaşayış binasındakı mənzillərdən birinə düşüb və sakinlər təxliyə edilib. Vsevolojsk şəhərində isə qəlpələr çoxmənzilli binanın damına düşüb, nəticələr dəqiqləşdirilir. Qubernator Kirişidə hansı müəssisənin zərər gördüyünü açıqlamayıb.
Kirişidə Rusiyanın ən böyük neft emalı zavodlarından biri, “Surqutneftqaz” şirkətinə məxsus KİNEF yerləşir. Zavod ildə 17 milyon tondan çox neft emal edir və bu il may və avqust aylarında da dron hücumlarının hədəfi olub. ABŞ, Avropa İttifaqı və Britaniya “Surqutneftqaz”a sanksiya tətbiq edib.
Hücum Rusiyanın digər bölgələrində də hava nəqliyyatına təsir edib. Sankt-Peterburqun Pulkovo hava limanı saat yarımdan çox fəaliyyətini dayandırıb, Moskvanın Vnukovo və Domodedovo, həmçinin Çerepovets və Yaroslavl hava limanlarında da məhdudiyyətlər tətbiq olunub.
Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri müharibənin maliyyə mənbələrinə qarşı addım kimi təqdim edir. Rusiya isə Ukraynanın energetika obyektlərinə zərbələri davam etdirir, bu zərbələr nəticəsində yüz minlərlə insan elektriksiz qalıb.


