Trampın Azərbaycana səfir namizədinin Bosniya serblərinin keçmiş liderinin maraqlarını qoruduğu iddia olunur

Foto: U.S. Department of State, Public domain, Wikimedia Commons
12-11-2026 18:00

ABŞ prezidenti Donald Trampın Azərbaycana səfir vəzifəsinə irəli sürdüyü Aleksandr Aldenin Dövlət Departamentində Bosniya serblərinin keçmiş lideri Milorad Dodikin maraqlarını müdafiə etdiyi iddia olunur. Aldenin namizədliyi iyunun 1-də Senata göndərilib, amma hələlik təsdiqlənməyib.

ABŞ-nin “Semafor” nəşri noyabrın 9-da yaydığı araşdırmada yazır ki, Alden Tramp administrasiyasının Bosniya və Herseqovinadakı Serb Respublikası ilə yaxınlaşmasında əsas simalardan biri olub. Nəşrin altıdan çox mənbəsinin sözlərinə görə, administrasiya daxilində onu Dodikin maraqlarının əsas müdafiəçisi kimi tanıyıblar, bəzi rəsmilər isə ona “Dövlət Departamentindəki serb” deyiblər. Mənbələr Aldenin Deyton Sülh Sazişinin icrasına nəzarət edən beynəlxalq ali nümayəndənin seçilməsində ABŞ-nin namizədi üçün Avropa diplomatlarına təzyiq göstərdiyini də iddia edirlər.

Dövlət Departamenti Aldeni müdafiə edib və təzyiq iddialarını rədd edib. Qurumun yüksəkvəzifəli rəsmisi administrasiyanın onun dövlət və özəl sektordakı təcrübəsinə görə Azərbaycanda uğurlu səfir olacağına əmin olduğunu bildirib. Co Bayden dövründə dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi olmuş Cim O’Brayen isə “Semafor”a deyib ki, iddialar təsdiqlənərsə, bu, Aldenin qərar vermə qabiliyyəti ilə bağlı ciddi suallar doğuracaq.

Rusiyaya yaxın siyasətçi kimi tanınan Dodik ölkənin konstitusiya quruluşunu və Deyton sazişini pozmaqda ittiham olunaraq ABŞ sanksiyalarına məruz qalmışdı. Tramp administrasiyası 2025-ci ilin oktyabrında bu sanksiyaları ləğv edib. “Semafor”un ABŞ Ədliyyə Nazirliyinin sənədlərinə istinadən yazdığına görə, Serb Respublikası hökuməti 2025-ci ildən bəri Vaşinqtonda lobbiçiliyə 11 milyon dollardan çox xərcləyib.

Aldenin namizədliyi əvvəl də ABŞ-nin texnologiya və müdafiə şirkəti “Palantir” ilə əlaqəsinə görə diqqət çəkmişdi. “NOTUS” nəşrinin araşdırmasına görə, o, 2021-ci ildən bu şirkətdə baş müşavirdir. Maliyyə bəyannaməsində şirkətdə 5 milyondan 25 milyon dollaradək səhminin olduğu, hələ sahiblik hüququ qüvvəyə minməmiş 1-5 milyon dollarlıq səhm paketlərinin də olduğu göstərilib. Alden təsdiqlənərsə, vəzifəsindən ayrılacağını və səhmləri 90 gün ərzində satacağını öhdəsinə götürüb.

“Semafor” Azərbaycan rəsmilərinin bu ilin əvvəlində Böyük Britaniyada “Palantir” nümayəndələri ilə mümkün dövlət müqavilələrini müzakirə etdiyini də yazır. Nəşrin sözlərinə görə, Aldenin dinləməsinin Senatın son iclas cədvəlinə niyə salınmadığı bəlli deyil; dinləmə keçirilsə, senatorların ona Bosniya siyasətindəki rolu barədə suallar verəcəyi gözlənilir.

Namizədlik Vaşinqtonun Cənubi Qafqazda təsirini artırmağa çalışdığı dövrə düşür. ABŞ-nin regiondakı əsas layihəsi Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP).

Digər xəbərlər