“Meclis.info” platformasının rəhbəri İmran Əliyevə 10, fəal Elgiz Qəhrəmana 9 il həbs cəzası verilib
Arxiv foto: Elgiz Qəhrəman, “Amerikanın Səsi”, Public domain, Wikimedia CommonsBakı Ağır Cinayətlər Məhkəməsi noyabrın 12-də “Meclis.info işi” üzrə hökm çıxarıb. Hakim Roman Ələkbərlinin sədrlik etdiyi iclasda Milli Məclisin fəaliyyətini izləyən platformanın rəhbəri İmran Əliyev 10 il, ictimai fəal Elgiz Qəhrəman 9 il müddətinə azadlıqdan məhrum edilib. Mühasib kimi çalışmış Tamella Musayevaya 4 il sınaq müddəti ilə 8 il şərti cəza verilib.
Elgiz Qəhrəman həm istintaq, həm də məhkəmə dövründə polisin nəzarəti altında idi. Məhkəmə hökmlə birlikdə bu qətimkan tədbirini həbslə əvəz edib və fəal zaldaca həbs olunub. O, əvvəllər də məhkum olunduğu üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkəmə Dövlət Vergi Xidmətinin təqsirləndirilən şəxslərə qarşı 67 min manatlıq mülki iddiasını da təmin edib.
Üç nəfərə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və saxta sənədlərdən istifadə ittihamları verilmişdi. Dövlət ittihamçısı İmran Əliyevin 12, Elgiz Qəhrəmanın 11, Tamella Musayevanın isə 10 il həbsini istəmişdi. Heç biri təqsirini qəbul etmir.
İmran Əliyev son sözündə “Meclis.info” saytını 2023-cü ildə parlamentin işini izləmək üçün yaratdığını və bundan sonra təzyiqlərlə üzləşdiyini deyib. Elgiz Qəhrəman isə ittihamda sübut kimi onunla İmran Əliyev arasında 63 telefon danışığının göstərildiyini xatırladıb: “Mən riyaziyyat və məntiq müəllimi olmuşam, data analitika ilə məşğulam. İmranla aramızda telefon danışıqlarının olması, görüşməyimiz normaldır”, - deyib.
İmran Əliyevin vəkili Rəsul Cəfərov əvvəlki iclasda 17 cildlik işdə cinayətə dəlalət edən heç bir sübut olmadığını demişdi. Onun sözlərinə görə, qaçaqmalçılıq ittihamı İmran Əliyevin xarici səfərlərinə və evindən 7700 dollar tapıldığı iddiasına əsaslanır, müvəkkili isə bu pulun ona məxsus olmadığını deyir. Vəkil işi 2023-cü ilin noyabrında “Abzas Media” əməkdaşlarına qarşı başlanan həbslərlə də əlaqələndirib: İmran Əliyevə ilk ittiham həmin işdə verilmiş, sonra onun işi ayrılmışdı.
İmran Əliyev 2024-cü il aprelin 19-dan həbsdədir. Elgiz Qəhrəman isə 2016-cı ildə narkotik ittihamı ilə 5 il 6 ay həbs cəzası almış, Ali Məhkəmə cəzanı 3 ilə endirmiş, o, 2019-cu ildə əfvlə azadlığa çıxmışdı. Avropa İnsan Hüquqları Məhkəməsi 2026-cı il yanvarın 13-də həmin işlə bağlı qərarında onun işgəncə şikayətlərinin səmərəli araşdırılmadığını və məhkəmədə dəmir qəfəsdə saxlanmasının Konvensiyanın 3-cü maddəsini pozduğunu müəyyən edib.
Hüquq müdafiəçilərinin son siyahısına görə, Azərbaycanda 322 siyasi məhbus var. Rəsmi Bakı ölkədə siyasi məhbus olduğunu qəbul etmir və bu siyahılardakı şəxslərin konkret cinayətlərə görə mühakimə olunduğunu deyir.


