Respublikaçı senator Trampın Azərbaycana səfir namizədinin təsdiqini bloklayacağını deyib

Foto: United States Congress, Public domain, Wikimedia Commons
13-11-2026 16:32

ABŞ Senatının Şimali Karolinadan olan Respublikaçı üzvü Tom Tillis Prezident Donald Trampın Azərbaycana səfir vəzifəsinə irəli sürdüyü Aleksandr Aldenin namizədliyinin Senatdan keçməsinə imkan verməyəcəyini açıqlayıb. Tillis bunu “Semafor” nəşrinə müsahibəsində deyib.

Senatorun sözlərinə görə, namizədlik müzakirəyə çıxarıla bilər, amma o, təsdiqə razılıq verməyəcək və bu, Konqresin indiki çağırışında baş tutmayacaq. Müxbir namizədliyin yanvarda işə başlayacaq yeni Konqresdə də dayana biləcəyini soruşanda Tillis bunun “yəqin ki” belə olacağını deyib. Tillisin Senatdakı səlahiyyət müddəti bu çağırışla bitir.

Tillis qərarının səbəbi kimi Aldenin Bosniya və Herseqovinadakı Serb Respublikasının keçmiş prezidenti Milorad Dodiklə yaxın əlaqələrini göstərib. “Semafor” noyabrın 9-da altıdan çox mənbəyə istinadən yazmışdı ki, Alden Dövlət Departamentində Dodikin maraqlarını müdafiə edib və bəzi rəsmilər ona “Dövlət Departamentindəki serb” deyiblər. Dövlət Departamenti bu iddiaları rədd edib.

Rusiyaya yaxın siyasətçi kimi tanınan Dodik Deyton Sülh Sazişini pozmaqda ittiham olunaraq ABŞ sanksiyalarına məruz qalmışdı, Tramp administrasiyası 2025-ci ilin oktyabrında bu sanksiyaları ləğv edib.

Tramp Aldeni iyunun əvvəlində Bakıya səfir kimi irəli sürüb. Alden Trampın birinci prezidentliyi dövründə Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentaqonda vəzifələr tutub, 2021-ci ildən isə “Palantir” texnologiya şirkətində baş müşavir işləyib. Maliyyə bəyannaməsinə görə, onun bu şirkətdə 5-25 milyon dollarlıq səhmi var; Alden təsdiqlənərsə, səhmləri 90 gün ərzində satacağını bildirib.

ABŞ-nin Bakıdakı səfirliyi 2024-cü ilin dekabrından səfirsizdir: səfir Mark Libbi səhhəti ilə bağlı istefa verib, missiyaya hazırda müvəqqəti işlər vəkili Emi Karlon rəhbərlik edir.

Digər xəbərlər