QHT-lərin fəaliyyətini məhkəmə yox, icra orqanı dayandıra biləcək

Arxiv foto, 2022, Milli Məclisin qarşısında polis: Ismayil Taghiyev, CC BY-SA 4.0, Wikimedia Commons
16-11-2026 13:58

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişikliklərə görə, qanunu pozan qeyri-hökumət təşkilatının, eləcə də xarici QHT-nin Azərbaycandakı filial və nümayəndəliyinin fəaliyyətini bundan sonra bir ilədək müddətə “müvafiq icra hakimiyyəti orqanı” dayandıra biləcək. İndiki qanunda belə qərarı yalnız məhkəmə verə bilir.

Layihə fondlar üçün maliyyə tələbini də sərtləşdirir. Hazırda fond yaradılarkən onun nizamnamə kapitalı ən azı 10 min manat olmalıdır. Dəyişiklik qəbul olunsa, bu məbləğ 100 min manat olacaq.

Dəyişikliklər Milli Məclisin noyabrın 16-18-də keçirilən iclaslarının gündəliyindədir. Layihədə ictimai birlik və fondun yalnız bir növdə yaradıla biləcəyi, QHT-lərin fəaliyyətinin dayandırılması və ləğvi halları da yazılıb. Pozuntu aradan qaldırılarsa, dayandırılmış təşkilatın fəaliyyətini vaxtından əvvəl bərpa etmək səlahiyyəti də məhkəmədən icra orqanına keçir.

Azərbaycan qanunlarında “müvafiq icra hakimiyyəti orqanı”nı prezident müəyyən edir. QHT-lərin dövlət qeydiyyatını və onların fəaliyyətinə nəzarəti hazırda Ədliyyə Nazirliyi aparır.

Azərbaycanda QHT qanunvericiliyi son on ildə bir neçə dəfə sərtləşdirilib: qrantların qeydiyyatı, xarici donorların fəaliyyəti və hesabatlılıq üçün əlavə tələblər qoyulub. Avropa Şurasının Venesiya Komissiyası və beynəlxalq insan haqları təşkilatları bu dəyişiklikləri vətəndaş cəmiyyətini məhdudlaşdıran addımlar kimi tənqid edib.

Digər xəbərlər