Rus nəşri: Putinin tənqidçisi Nemtsovun qətlinə görə məhkum olunanlar müharibə müqaviləsi ilə azad edilib

Boris Nemtsov, 2014, arxiv foto. Foto: Dhārmikatva, CC BY-SA 3.0, Wikimedia Commons
16-11-2026 14:34

Rusiyanın müstəqil araşdırma nəşri “Proyekt” bazar ertəsi yazıb ki, Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətlinə görə məhkum olunan üç nəfər cəzalarının müddəti bitməmiş azadlığa çıxıb. Nəşrin məlumatına görə, onlar Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq koloniyalardan buraxılıb, rəsmi olaraq Ukraynaya qarşı müharibənin iştirakçısı kimi sənədləşdirilsələr də, cəbhəyə getməyib, Çeçenistana qayıdıblar.

Söhbət məhkəmənin qətlin icraçısı saydığı və 20 il həbs cəzası alan Zaur Dadayevdən, həmçinin 19 və 16 il cəza alan Anzor və Şadid Qubaşev qardaşlarından gedir. “Proyekt”in mənbəyinə görə, onlar Qroznıda “sakit həyat” sürürlər və bu, azad edilmələrinin şərti olub ki, “heç kim onların azadlıqda olduğunu bilməsin”.

Nəşr yazır ki, araşdırmaya 2026-cı ilin yayında Nemtsovun qızı Janna Nemtsovaya gələn məlumat səbəb olub. “Proyekt” bu məlumatı müstəqil təsdiqləyə bilmədiyini, lakin dolayı faktların onu dəstəklədiyini bildirir. Sızdırılmış məlumatlara görə, Dadayev cəza çəkdiyi İrkutsk vilayətindəki 3 nömrəli koloniyadan “etapla göndərilmə” səbəbi ilə çıxıb, amma başqa koloniyaya gəlməsi barədə qeyd tapılmayıb.

Daha əvvəl “Novaya qazeta Yevropa” bu işdə məhkum olunan daha bir nəfərin, Temirlan Eskerxanovun Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq əfv olunduğunu, lakin cəbhəyə yox, Rusiyanın işğal etdiyi Mariupola köçdüyünü yazmışdı. Rusiya hakimiyyəti “Proyekt”in araşdırmasına hələlik münasibət bildirməyib.

Keçmiş baş nazir müavini və Vladimir Putinin kəskin tənqidçisi olan Boris Nemtsov 2015-ci ilin fevralında Kremlin yaxınlığında güllələnərək öldürülüb. Məhkəmə beş çeçeni təqsirli bilib, lakin Nemtsovun ailəsi və tərəfdaşları qətlin sifarişçisinin indiyədək tapılmadığını deyir. Rusiyada məhkumların müharibəyə getmək şərti ilə azad edilməsi 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumdan sonra geniş yayılıb.

Digər xəbərlər