Neft Fondunun ən böyük səhm yatırımı olan “Nvidia” qalmaqal fonunda kəskin ucuzlaşıb
Foto: Will Buckner, CC BY 2.0, Wikimedia CommonsAzərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) səhm portfelindəki ən böyük yatırım ABŞ-nin çip istehsalçısı “Nvidia”dadır. Fondun bu ilin birinci yarısına dair hesabatına görə, “Nvidia” səhmlərinə qoyulan vəsait 817 milyon dollar olub.
“Meydan TV” yazır ki, şirkətin rəhbəri Censen Huanqın Çin kəşfiyyatı ilə bağlı şübhələr olan qadınla münasibəti ətrafında yaranan qalmaqaldan sonra səhmlər 11 faiz, oktyabrın əvvəlindən bəri isə 24 faiz ucuzlaşıb. Huanq noyabrın 12-də vəzifəsindən istefa verib.
İqtisadçı Natiq Cəfərli sosial şəbəkədə yazıb ki, səhmlərin 18-20 faiz ucuzlaşması fondun bu qalmaqala görə 150-160 milyon dollar ziyana düşməsi deməkdir. “Azərbaycan Neft Fondunun texnoloji şirkətlərlə bağlı investisiya portfelində NVIDIA birinci yerdədir”, - Cəfərli qeyd edib.
Fondun hesabatına görə, ilin birinci yarısında şirkət səhmlərinə qoyulan vəsait 7,1 milyard dollar olub, bütün səhm portfelinin dəyəri isə 18 milyard dollara çatıb. “Nvidia”dan sonra ən böyük yatırımlar “Apple” (752 milyon dollar), “Alphabet” (466 milyon), “Microsoft” (408 milyon), “Amazon” (369 milyon) və “Broadcom” (300 milyon) şirkətlərinin səhmləridir. Bu şirkətlərin bir neçəsinin səhmləri də son aylarda ucuzlaşıb.
Fond ilin ilk doqquz ayında 1 milyard 874 milyon manat büdcədənkənar zərər qeydə alıb və bunu əsasən qızılın qiymətindəki və valyuta məzənnələrindəki dəyişikliklə izah edir. Vəsaitlərin idarə olunmasından gələn gəlir də ötən ilin eyni dövründəki 5,24 milyard manatdan 3,6 milyard manata, yəni 31,2 faiz azalıb. Səhm bazarındakı sentyabr sonrası ucuzlaşma fondun növbəti rüb hesabatında görünəcək.


