İran: Hörmüz boğazında minaya düşən tanker yanıb

İran qayığı Hörmüz boğazında, arxiv foto: US Navy, Public domain, Wikimedia Commons
14-11-2026 09:21

İran Hərbi Dəniz Qüvvələri bildirir ki, noyabrın 14-də Hörmüz boğazının şərq hissəsində bir tanker dəniz minasına düşüb, yanıb və hərəkətsiz qalıb.

İran tərəfinin iddiasına görə, hadisə boğazın “məhdud və təhlükəli” elan edilmiş hissəsində baş verib. Qüvvələrin sözlərinə görə, tanker əvvəlcədən edilən xəbərdarlıqlara məhəl qoymayıb, izləmə və identifikasiya sistemlərini də söndürüb. İran Hərbi Dəniz Qüvvələri həmin ərazidən keçən gəmilərin təhlükə ilə üzləşə biləcəyi barədə yenidən xəbərdarlıq edib.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) son həftəlik hesabatına görə, boğazda gəmi hərəkəti ABŞ-İran hərbi münaqişəsindən əvvəlki səviyyədən təxminən 65 faiz aşağıdır. Son həftədə boğazdan 139 gəmi çıxıb, 169 gəmi daxil olub. Həftə ərzində səkkiz dəniz hadisəsi qeydə alınıb, onlardan beşi Hörmüz boğazında olub. UKMTO-nun hesablamasına görə, fevralın 28-də İrana qarşı hərbi əməliyyatlar başlayandan bəri münaqişə ilə bağlı 163 dəniz hadisəsi baş verib, onlardan 141-i gəmilərə ziyan dəyməsi ilə nəticələnib.

Dünya bazarında neft bahalı qalır. “Azeri Light”ın bir bareli 2,8 faiz bahalaşaraq 102,68 dollara çatıb. Bu markanın tarixdəki ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Azərbaycan neftini Hörmüz boğazından deyil, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kəmərləri ilə ixrac edir. Ona görə boğazdakı gərginlik ölkəyə əsasən neftin qiyməti vasitəsilə təsir edir: qiymət yüksək qaldıqca büdcəyə və Neft Fonduna daxil olan gəlir artır.

Digər xəbərlər