NBC News: Pentaqon rəhbəri İrana zərbələrin bərpasını istəyir, vitse-prezident Vens danışıqların tərəfdarıdır
Foto: U.S. Secretary of Defense, Public domain, Wikimedia CommonsABŞ Prezidenti Donald Trampın administrasiyasında İrana zərbələrin bərpa olunub-olunmaması barədə fikir ayrılığı var, yekun qərar hələ verilməyib.
NBC News telekanalı mənbələrə istinadən yazır ki, müdafiə naziri Pit Heqset zərbələrin tərəfdarıdır, vitse-prezident Ceyms Devid Vens isə məsələnin diplomatik yolla həllini axtarmağı təklif edir. Kanalın məlumatına görə, Trampa yeni zərbə kampaniyasını yanvaradək keçirməyin daha yaxşı olacağı deyilib: həmin vaxt Konqresin yeni tərkibi işə başlayır və orada respublikaçıların artıq çoxluğu olmayacaq. Mənbələrə görə, Tramp zərbə əmri versə, hədəflər arasında İranın nüvə obyektləri və neft-qaz infrastrukturu ola bilər.
Axios saytı isə iki mənbəyə istinadən yazır ki, Vens son iki həftədə yeni atəşkəsə nail olmaq və nüvə danışıqlarını bərpa etmək üçün İranla demək olar ki, hər gün vasitəçilər üzərindən əlaqə saxlayır. Saytın məlumatına görə, vasitəçilər Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani və Pakistan ordusunun komandanı, feldmarşal Asim Munirdir; prosesə Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qoşulub.
Axios-un mənbələri deyir ki, Vens təxminən iki həftə əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayiyə məktub göndərərək birbaşa danışıqlara qayıtmağı təklif edib. Tərəflər arasında işçi səviyyəsində texniki görüş müzakirə olunsa da, hələ baş tutmayıb.
Vens bundan əvvəl İranla müharibəni Respublikaçılar Partiyasının 3 noyabr Konqres seçkilərindəki uğursuzluğunun əsas səbəblərindən biri adlandırmışdı. Eyni gündə Tramp ABŞ qüvvələrinin Qeşm adasında İranın hava hücumundan müdafiə vasitələrinə “kiçik zərbələr” endirdiyini təsdiqləyib.


