Rusiya bir gecədə 411 Ukrayna dronunu vurduğunu deyir, Saratov və Orlda müəssisələr zədələnib
Saratov neft emalı zavodu. Arxiv foto: Alexxx1979, CC BY-SA 4.0, Wikimedia CommonsRusiya Müdafiə Nazirliyi bildirib ki, gecə ərzində Bryansk, Belqorod, Voronej, Kursk, Lipetsk, Orel, Rostov, Saratov, Samara və Tula vilayətləri, ilhaq olunmuş Krım, Azov və Qara dəniz üzərində 411 Ukrayna dronu tutulub və ya məhv edilib.
Orel vilayətinin qubernatoru Andrey Klıçkov şəhərin Sovet rayonundakı müəssisəyə hücumu təsdiqləyib, “düşmənin kütləvi hücumunun dəf edilməsi nəticəsində” istehsal binalarının qismən zədələndiyini deyib, amma zavodun adını çəkməyib. Saratov vilayətinin qubernatoru Roman Busarqin isə “mülki infrastruktur obyektlərinin” zədələndiyini bildirib.
Müstəqil rus nəşri “Astra” şahidlərin çəkdiyi görüntüləri təhlil edərək yazır ki, Orlda yanğın “Proton-Elektroteks” zavodunda baş verib, Saratovda isə “Rosneft”in neft emalı zavodu vurulub. Nəşrin məlumatına görə, zavoda doğru uçan dronlardan biri avtomobil hissələri mağazasının yanında partlayıb. Saratovda bir neçə yaşayış binasının da zədələndiyi bildirilir.
“Proton-Elektroteks” əvvəl də hücuma məruz qalıb: oktyabrın 23-də zavoddakı böyük yanğında beş nəfər ölüb, 19 nəfər yaralanıb. Saratov zavodu Rusiyanın ən köhnə neft emalı müəssisələrindəndir, 2024-cü ilin məlumatına görə, ölkədə emal olunan neftin 2,2 faizi onun payına düşüb.
Hücum Rusiya, ABŞ və Ukrayna arasında noyabrın 10-da Əbu-Dabidə başlayacaq danışıqlardan bir neçə gün əvvələ düşüb. Rusiya isə eyni gecə Kiyevə zərbələr endirib, şəhərin bəzi hissələrində elektrik, istilik və su təchizatında fasilələr yaranıb.


