Nazir müavini: Sertifikasiyaya qatılmayan müəllimin orta maaşı 770 manatdır, iqtisadçı rifahın 12 ildə dəyişmədiyini deyir
İllüstrativ foto, Bakıda Rəşid Behbudov küçəsindəki məktəb: Gulustan, CC BY-SA 3.0, Wikimedia CommonsAzərbaycanda müəllimlərin vergilər daxil orta aylıq əməkhaqqı sentyabr ayına 1 030 manat olub. Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bunu noyabrın 13-də Milli Məclisin üç komitəsinin 2027-ci il büdcə layihəsini müzakirə etdiyi birgə iclasda deyib.
Nazir müavininin dediyinə görə, orta rəqəmin arxasında böyük fərq var: sertifikasiyada iştirak etməyən və ya bu prosesə cəlb olunmayan müəllimlərin orta maaşı 770 manat, sertifikasiya nəticəsinə görə 10 faiz əlavə alanlarınkı 1 010 manat, 51 baldan yüksək nəticə göstərənlərinki isə 1 320 manatdır. Kərimzadə 2027-ci il büdcəsində sertifikasiya islahatı üçün 286,4 milyon manat nəzərdə tutulduğunu bildirib.
İqtisadçı Rövşən Ağayev isə sosial şəbəkə hesabında yazıb ki, nominal maaş artımı müəllimlərin real gəlirinin yüksəldiyi demək deyil. O, Dövlət Statistika Komitəsinin məlumatları əsasında kommunal, nəqliyyat və rabitə xidmətlərindən, düyü, qırmızı ət və kərə yağından ibarət səbət hazırladığını, bu səbətin dəyərinin son 12 ildə təxminən 2,7 dəfə artdığını hesablayıb.
“Hətta rəsmi rəqəmlərdən çıxış edəndə, bu qədər nominal maaş artımından sonra belə müəllimin rifahı ötən 12 ildə yerində sayıb”, - Ağayev yazıb. Onun fikrincə, müstəqil qiymət monitorinqi aparılsa, bahalaşmanın rəsmi statistikadakından yüksək olduğu üzə çıxa bilər.
İqtisadçı müəllimlər üçün orta maaşla yanaşı median maaşın da açıqlanmasını istəyib: orta rəqəm yüksək maaş alan kiçik qrupun hesabına qalxa bilər, median isə müəllimlərin yarısının hansı məbləğdən az aldığını göstərir.


