2027-ci il büdcəsi “Azeri Light” neftinin bareli 65 dollar hesablanmaqla tərtib olunub

Foto: Samed.hemidov, CC BY 4.0, Wikimedia Commons
16-11-2026 12:01

Milli Məclis noyabrın 16-da 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlayıb. Maliyyə naziri Sahil Babayev plenar iclasda bildirib ki, gələn il üçün “Azeri Light” neftinin bir barelinin orta qiyməti 65 dollar götürülüb. Nazir bunu beynəlxalq maliyyə bazarlarındakı dalğalanmalar səbəbindən seçilən “mühafizəkar yanaşma” adlandırıb.

Layihəyə görə, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır. Beləliklə, dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranacaq.

Nazirin sözlərinə görə, icmal büdcənin gəlirləri 47,6 milyard manat olacaq, bu da cari ildən 2,6 milyard manat çoxdur. Bu gəlirlərin 30,7 milyard manatı (64,5 faiz) qeyri-neft sektorundan, 16,9 milyard manatı (35,5 faiz) neft-qaz sektorundan gözlənilir. İcmal büdcənin xərcləri 50,4 milyard manat, kəsiri isə 2,8 milyard manat proqnozlaşdırılır.

Babayev həmçinin bildirib ki, oktyabrın 1-nə ölkənin məcmu valyuta ehtiyatları 89,4 milyard dollar olub və xarici dövlət borcunu təxminən 20 dəfə üstələyib. Hökumətin proqnozuna görə, gələn il ümumi daxili məhsul real ifadədə 2,7 faiz artaraq 141 milyard manata çatacaq, manatın məzənnəsi 1,7 səviyyəsində saxlanılacaq, illik inflyasiya isə 5,3 faiz olacaq.

Büdcə layihəsi Hörmüz boğazındakı böhran fonunda neft qiymətlərinin kəskin dəyişdiyi vaxtda müzakirə olunur.

Digər xəbərlər