Müsavat nekroloq yaydı
Müsavat Partiyası tanınmış vəkil Elton Quliyevlə bağlı nekroloq yayıb.
Partiyanın mətbuat xidmətindən Arqument.Az-a daxil olan nekroloqda deyilir:
"Azərbaycan ictimaiyyətinə ağır itki üz verib.
Görkəmli ictimai xadim, hüquqşünas, tanınmış vəkil Elton Quliyev 59 yaşında, ağır xəstəlikdən sonra vəfat edib.
Elton Quliyev 1956-cı ildə Ağdam şəhərində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1977-1991-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1991-ci ildə öz ərizəsi ilə daxili işlər orqanlarından çıxaraq vəkillik fəaliyyətinə başlayıb. 1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi.
Elton Quliyev son illər parlaq vəkillik fəaliyyəti ilə tanınırdı. Xüsusilə siyasi məhbusların müdafiəsini üzərinə götürən vəkil, həm də ictimai xadim kimi xalqın dərin rəğbətini qazanmışdı. Elton Quliyevin dünyasını dəyişməsi Azərbaycan ictimaiyyəti üçün ağır itkidir. Onun xatirəsi yaxınlarının, dostlarının, Azərbaycanın demokratik inkişafını düşünən hər kəsin yaddaşında daim yaşayacaq.
Allah rəhmət eləsin!"
Arqument.Az