Müsavat başqanı Brüsselə gedir
Elman Fəttah: "Aksiyalar məsələsi müzakirə olunacaq”
İyunun 12-dən etibarən Azərbaycanda Avropa Oyunlarına start verildi. Məlum olduğu kimi, yarışma başlamamışdan öncə ölkə daxilindən və xaricdən bir sıra təpkilər oldu. Əsas tələblərdən biri də siyasi məhbusların azadlığa buraxılması idi.
İqtidardan Avropa Oyunları başlayana qədər siyasi məhbusların azad olunması tələb olundu. Amma göründüyü kimi, hakimiyyət nüfuzlu yarışmaya tələblərin heç birini yerinə yetirmədən getdi. Belə bir şəraitdə oyunların keçirildiyi müddətdə bir sıra etiraz aksiyalarının olacağı ehtimalları daha yüksək görünür.
Başqan müavini Elman Fəttah "Yeni Müsavat”a açıqlamasında yarışmanın keçirildiyi müddətdə etiraz aksiyalarının müxtəlif növlərindən istifadə edəcəklərini bildirdi: "Partiyamız bu yarışlarla bağlı açıq mövqeyini ortaya qoyub. Məclis və Divan Avropa Oyunlarına qədər siyasi məhbuslar azad olunmayacağı təqdirdə, dövlət başçılarını iştirakdan imtinaya çağırmışdı. Avropa ölkələrindən demək olar ki, bu prosesdə iştirak edən yoxdur. Söz sahibi olmayan ölkələrin başçıları yarışmaya gəldilər.
İştirakdan açıq şəkildə imtina edən ölkələr onu göstərdilər ki, Müsavat Partiyası doğru qərar verib, doğru mövqedədir. Bizim mövqeyimiz iki səbəbdən doğub. Birincisi, siyasi məhbusların azad olunmamasıdır. İkinci isə oyunlar adı altında külli miqdarda pulların mənimsənilməsidir. Əslində bunlar korrupsiya layihəsidir. Bu vəziyyət qaldıqca, fəaliyyətimiz davam edəcək. Aksiyalar məsələsi müzakirə olunacaq. Bu, etiraz aksiyaları səviyyəsində ola bilər. Qapalı tədbir, konfrans, brifinqlər şəklində də mümkündür. Partiyada növləri müzakirə olunacaq. Müxtəlif formada olacaq. İyunun 17-də Müsavat başqanı Arif Hacılı və başqan müavini Səxavət Soltanlı Avropa Birliyinin dəvəti ilə Brüsseldə səfərdə olacaqlar. Əsas müzakirə mövzusu Azərbaycandakı siyasi məhbuslar, azadlıqların məhdudlaşdırılması olacaq. Müsavat Partiyası bu məsələni daim gündəmində saxlayacaq. Ölkədaxili və xarici siyasətimizi davam etdirəcəyik”.
Yarışma müddətində hər hansı bir aksiya ilə bağlı müraciət olarsa, BŞİH-in verəcəyi qərar maraq doğurur. Bununla bağlı qurumun mövqeyini aldıq. BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun sualımıza cavabı qısa oldu: "Bu suala cavabım yoxdur”.
Arqument.Az