Son dəqiqə:

MHŞT hökumətə çağırış etdi

12-07-2021 12:18
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Azərbaycan hökumətini beynəlxalq institutlarla əməkdaşlığını yenidən bərpa etməyə, vətəndaş cəmiyyətinin fəaliyyət  mühitini yaxşılaşdırmaq üçün bütün hüquqi və praktiki maneələri (müvafiq qanunvericilikdə edilmiş məhdudlaşdırıcı dəyişikliklər, o cümlədən, qeydiyyatdan çıxarışlar, qrantların və donorların qeydiyyatı tələbləri və s.) aradan qaldırmağa çağırır.

Bu barədə bəyanatı İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MHŞT) Koalisiyasının iyulun 10-da XXİ Ümumi Yığıncağında qəbul edilib.

MHŞT hesab edir ki, hökumətin Beynəlxalq MHŞT-dən çıxmasını və milli səviyyədə bu Təşəbbüsü davam etdirməkdən imtina etməsini  yeni stiuasiya kimi dəyərləndirilməlidir: "Bu vəziyyətdə mədən sənayesində şəffaflığın təmin edilməsi və təbii sərvətlərin idarə olunması sahəsinə ictimai nəzarətin yenidən təşkili, hökumətin və şirkətlərin hesabatlılığının və şəffaflığının qiymətləndiriləcəyinə ümid edir. Azərbaycan vətəndaş cəmiyyətinin, xüsusən, qadınların və gənclərin bu  prosesdə iştirakının aktivləşdirilməsi, beynəlxaq şəffaflıq təşəbbüslərinin inkişafının izlənilməsi, ölkənin beynəlxaq şəffaflıq təşəbbüslərində iştirak vəziyyətinin ictimailəşdirilməsi və yenidən şəffaflıq təşəbbüslərinə qoşulmasının  təşviqi, işğaldan azad olunmuş ərazilərdəki təbii sərvətlərin hasilatına ictimai nəzarətin təşkili, əlaqədar dövlət qurumlarının (ARDNF, ARDNŞ və s.) İctimai (və ya Müşahidə) Şuralarında ictimai birliklərin təmsilçiliyinə nail olunması və  s. prioritet istiqamətlərdə ardıcıl, prinsipial və davamlı fəaliyyət göstərəcəyini bəyan edir. Eyni zamanda, hökumətin Azərbaycanın hasilat sənayesində şəffaflığın artırılması çərçivəsində benefisiar sahiblik, kontraktların açıqlanması, xammal ticarəti və eləcə də  məlumatların dövlət qurumlarının hesabat vermə mexanizmlərinə inteqrasiya edilməsi və s. sahələrdə əvvəllər başlamış işlərin bundan sonra da  beynəxlalq təşəbbüsün tələblərinə müvafiq sürətdə davam etdirilməsinin vacibliyini vurğulayır”. 

Koalisiya dövlət başçısının 2020-ci ilin iyul ayının 28-də "Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanınıyla Hasilat Sənayesində Şəfffaflıq üzrə  hökümət komisiyasının ləğv olunaraq Dövlət  Statistika  Komitəsinə (DSK) həvalə edilməsini tamamilə yeni bir situasiya adlandırıb. 

Məlumatda qeyd olunub ki, 52 koalisiya üzvünün təmsil olunduğu iclasda Koalisiya Şurasının və Monitorinq Qrupunun hesabatları dinlənilib: "Uzun müzakirələrdən sonra Şuranın hesabat dövründəki fəaliyyəti qənaətbəxş, Monitorinq Qrupunun fəaliyyəti isə qeyri-qənaətbəxş qiymətləndirilib. Sonda MSŞA Koalisiyasının 11 nəfərdən ibarət  Şurasına və 5 nəfərdən ibarət Monitorinq Qrupuna seçkilər keçirildi. Şuraya 13 nəfərin  namizədliyi  hər biri ayrı-ayrılıqda səsə qoyuldu və ən çox səs toplayan 11 nəfər -  Aslan Vəliyev, Cəmil Hacıyev, Emil Məmmədli, Əziz Orucov, Fuad Həsənov,  Həqiqət Məmmədli, Himayət Rizvanqızı, İlham Hüseynli, Jalə Cəfərova, Pərvanə Talıbova, Sadiq Həsənov  növbəti iki il müddətinə Koalisiya Şurasına üzv seçildilər. Monitorinq Qrupuna 5 nəfərin namizədliyi olduğuna görə tərkib səsə qoyuldu və səs çoxluğu ilə  Asif Yusifli, Səməd Hətəmov,  Şövqiyyə Rəhimova, Elşən Əlisoy  və Nüşabə Mehtiyeva Koalisiyanın Monitorinq Qrupuna üzv seçildilər”.


Digər xəbərlər