Son dəqiqə:

Mədəniyyətlə bağlı Arazbari

21-10-2015 02:18
"Taylı-tayını tapmasa…” silsiləsindən 

Bambılı ifadəsi ilk dəfə gündəmi Vəzirovla birlikdə zəbt elədi. Amma sonralar bu söz unudulsa da, internetdə araşdıranda ekrana ilk gələn (Zaur və onun bambılı verlişi) ifadəsi oldu. 

"Bütün çabalarıma rəğmən rəhbər vəzifələrə yaxın buraxılmamağımın yeganə səbəbi bambılı olmağım imiş” - bunu mənimlə söhbətində sovet nomenklaturasından müstəqilliyimizə miras qalmış məmurlardan biri dedi… 

Sən demə, İncəsənət Universitetini bitirənlərin bambılı olduğunu bildiklərindən mədəniyyət şöbələrinə rəhbər vəzifələrə qeyri-peşəkarlar təyin edilirmiş. Bir növ bambılıları idarə etmək üçün. Hərçənd ki, bu siyasət uzun zamandan bəri özünü doğrultmasa da, əslində, səbəb hərraca çıxarılan taxtların bizlərin cibinə uyğun olmamasıdır... 

Heç kəsə sirr deyil ki, artıq çoxdandır ortada sözü gedən şöbələrin mədəniyyət bölümündən bir şey qalmayıb. Elə qalan sonradan artırılan turizm hissəsidir. O da gedib İqtisadi İnkişaf Nazirliyinin hər hansı bir şöbəsinə birləşə bilər. Qaldı ki klub və kitabxanaların iş fəaliyyətinə, bunlar da elə bərbad vəziyyətdədir ki, bu dutumuna görə mədəniyyət və turizm şöbələrini, el təbrincə desək, pensiya idarələri statusunda da görmək olar. Üstəgəl, şöbənin çörəkli ştatlarının icra hakimiyyətləri tərəfindən hərraca çıxarılması, bura gələn iştahlıların ftikrində və zikrində "ölü canlar" ordusu yaratmaqla yanaşı, boşalan torbasını doldurmaqdan başqa bir istəyi olmur. 

Nəticədə burada yaradılan işsizlik və hərc-mərclik küllü miqdarda dövlət vəsaitinin havaya sovrulmasına səbəb olur. Elə sadaladığım səbəblərdən dolayı cənab nazir Qarayevin dediyi doğrudur. Əbülfəz müəllim Cənub bölgəsində vətəndaşların şikayətinə baxış keçirən zaman ölkə mətbuatına, kafam bulanmayıbsa, ərz elədi ki, mədəniyyət klubları əvvəldən uyğunlaşdırılmış binalarda yerləşdirildiyindən artıq öz effektini itirib. Odur ki, həmin binaların təmiri heç bir effekt verməz. Nazirin belə olan halda həmkarlarıma məsləhəti işlədikləri klubları icarəyə götürmək oldu. Hətta onlara kömək vədi də verdi. Amma mən inanmıram ki, kimsə aylarla cəftəsi açılmayan klub və kitabxanaları icarəyə götürsün. 

Problemlərin ikinci qaynağı da yerli icra hakimiyyət orqanlarının mədəniyyət və turizm şöbələrini "ştrafnoy batalyona" (cərmə batalyonu) çevirmələridir. Burada bayağı yazsam, kefin istədiyin qədər dədəsindən, nənəsindən küsənləri görə bilərsən. Necə deyərlər, ölkə rəhbəri demiş rüşvət və korrupsiyaya bulaşmış icra strukturlarına etiraz edənlərin bu "batalyon"lara göndərilməsi an məsələsidir. Belə ki, işsiz qələmi iti olan rayon sakinlərinin şikayətlərinə son vermək üçün onları mədəniyyət şöbələrində işə düzəldib susdrmaq asan məsələdir. Aşağı əməkhaqqı və heç bir gəlir mənbəyi olmayan belə iş yerlərini təmənnasız vermək, qaz gələn yerdən toyuq əsirgəməzlər kimi bir şeydir. Ona görə də sözügedən şöbələrdə kimə istəsən, rast gələ bilərsən. Müəllimdən tutmuş aqronoma, fəhlədən tutmuş baytara, necə deyərlər, təhsilli və təhsilsizə... 

Bircə mədəniyyət adamına, yəni mədəniyyət təhsilli şəxsə rast gəlməzsən. Bu insanları bir-birinə bağlayan bir cəhət var ki, o da düçar olduğları sosial problemlərlə bağlı ölkə rəhbərliyini xəbərdar etmək istəyidir. 

P.S: O ki qaldı bambılı məsələsinə, bu, efirdə müğənniləri bir-birinə düşürüb, şou yardıb reytinq xətrinə düşük verlişlər istehsal edən tv-lərin xidmətinin nəticəsidir. 

P.P.S: Bu arada gələn ilin proqnozlarının ürək açan olmadığı bir məqamda mədəniyyət şöbələrini bağlayıb, vəsaitlərin daha önəmli sahələrə yönəldilməsi büdcəmizə xeyir olar. Onsuz da bundan kimsənin halına təfavüt olmayacaq...
                                                                                             
Elşən Feyzullayev


Bölmələr:




Digər xəbərlər