Beynəlxalq Enerji Agentliyi: Azərbaycanın neft hasilatını artırmaq imkanı gündə cəmi 10 min bareldir
Foto: Peretz Partensky from San Francisco, USA, CC BY-SA 2.0, Wikimedia CommonsBeynəlxalq Enerji Agentliyinin (BEA) noyabr hesabatına görə, Azərbaycanın dayanıqlı neft hasilatı gücü gündə 440 min bareldir. Ölkənin hasilatı tez artırmaq üçün effektiv ehtiyat gücü isə gündə cəmi 10 min barel qiymətləndirilir.
Hesabata əsasən, oktyabrda Azərbaycanda gündəlik xam neft hasilatı sentyabrdakı 440 min bareldən 430 min barelə enib. “OPEC+” razılaşması üzrə ölkənin oktyabr hədəfi gündə 550 min barel idi, yəni faktiki hasilat kvotadan 120 min barel az olub. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu həftə dərc etdiyi öz hesabatında Azərbaycanın oktyabr hasilatını gündə 447 min barel göstərmişdi.
Bu rəqəmlər Azərbaycanın kvota ilə real imkanları arasındakı fərqin artıq texniki xarakter daşıdığını göstərir: ölkə qiymətlər yüksək olanda belə hasilatı əhəmiyyətli dərəcədə artıra bilmir. Əsas yataq olan “Azəri-Çıraq-Günəşli”də hasilat illərdir azalır, neft gəlirləri isə büdcənin və ixracın əsas mənbəyi olaraq qalır.
BEA-nın qiymətləndirməsinə görə, dünyada neft təklifi oktyabrda əvvəlki ayla müqayisədə gündə 2,3 milyon barel artaraq 105,4 milyon barelə çatıb. Agentlik bu il qlobal tələbatın gündə 2,7 milyon barel azalaraq 102,3 milyon barelə enəcəyini, 2027-ci ildə isə 2 milyon barel artacağını gözləyir.
Hesabatda deyilir ki, ilin dördüncü rübündə bazarda təklif tələbi üstələməyə başlayacaq, 2027-ci ildə isə artıq neft həcmi daha da böyüyəcək. Bununla belə, BEA enerji infrastrukturuna və tankerlərə hücumların təchizatın bərpası üçün riskləri saxladığını qeyd edir. Hörmüz boğazı yaxınlığında tankerlərə hücumlar fonunda “Azeri Light” neftinin qiyməti bu gün bir barel üçün 102 dolları ötüb.


