Husilər Ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə raket və dronla hücum etdiklərini deyirlər
Arxiv foto (2019): Planet Labs, Inc., CC BY-SA 4.0, Wikimedia CommonsYəmənin “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanına qarşı altı hərbi əməliyyat keçirdiyini açıqlayıb. Hərəkatın hərbi sözçüsü Yəhya Səriyanın sözlərinə görə, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı, “Saudi Aramco” şirkətinin paytaxtdakı neft anbarları və distillə qurğusu ballistik və qanadlı raketlərlə, eləcə də dronlarla vurulub.
Husilərin bəyanatında deyilir ki, zərbələr “Saudi Aramco”nun Xurays yatağındakı obyektlərinə və ölkənin mərkəzindəki Əd-Dəvadimi bölgəsində yerləşən 8 nömrəli nasos stansiyasına da endirilib. Daha üç əməliyyatın Nəcrandakı Milli Qvardiya düşərgəsi yaxınlığında, Əl-Cauf və Marib vilayətlərində Səudiyyə hərbçilərinin toplaşdığı yerlərə qarşı keçirildiyi, çoxlu ölən və yaralanan olduğu iddia olunur.
Husilər hücumları Səudiyyə Ərəbistanının Yəməndəki zərbələrinə cavab adlandırıblar. Onlar Ər-Riyadı Taiz vilayətində bazarı və Bəni-Həşiş bölgəsində yaşayış evlərini vurmaqda ittiham edirlər. Husilərin sözlərinə görə, Səudiyyənin başçılıq etdiyi koalisiyanın hava zərbələri nəticəsində ən azı 25 nəfər ölüb, 30 nəfər yaralanıb; husilərə yaxın media Sədə vilayətində doqquz zərbənin telekommunikasiya şəbəkələrini hədəf aldığını yazır.
Xurays Səudiyyə Ərəbistanının ən böyük neft yataqlarından biridir. 2019-cu ilin sentyabrında Xurays və Əbqeyq obyektlərinə edilən hücum Səudiyyənin neft hasilatını müvəqqəti olaraq təxminən yarıya endirmiş və dünya bazarında neftin qiymətini kəskin qaldırmışdı. O hücumu da husilər öz üzərlərinə götürmüşdülər, ABŞ isə İranı günahlandırmışdı.
Neft qiymətindəki dəyişiklik Azərbaycan büdcəsinin gəlirlərinə birbaşa təsir edir.


