İsrail prezidenti hökuməti qurmağı Netanyahuya yox, onun əsas rəqibi olan keçmiş ordu rəisinə tapşırır
Foto: יהב טרודלר (Yahav Trudler – Yahav Studio), CC BY-SA 3.0, Wikimedia Commonsİsrail Prezidenti İsxak Hersoq Baş nazir Benyamin Netanyahunun ən güclü rəqibi, “Yaşar” partiyasının lideri Qadi Eyzenkota yeni hökuməti qurmağı tapşırmaq qərarına gəlib. Prezidentin ofisi şənbə axşamı bildirib ki, rəsmi tapşırıq bazar günü Qüdsdəki prezident iqamətgahında veriləcək. Eyzenkot koalisiya qura bilsə, ölkəni ən uzun müddət idarə etmiş Netanyahunu Baş nazir postunda əvəz edəcək.
Oktyabrın 27-də keçirilən parlament seçkisində Netanyahunun dini-millətçi koalisiyası 120 yerlik Knessetdə 53 yer qazanıb, çoxluq üçün isə 61 yer lazımdır. Ayrı-ayrı partiyalar arasında 27 yerlə “Likud” birinci olub. Eyzenkotun 21 yer qazanan “Yaşar” partiyası ikinci yerdədir, onun başçılıq etdiyi və mərkəz-soldan sağa qədər dörd yəhudi partiyasını birləşdirən blok isə 48 yer toplayıb. İsraildəki ərəb azlığını təmsil edən iki partiya indiyədək görünməmiş nəticə ilə 19 yer alıb.
Prezidentlə məsləhətləşmələrdə hər iki ərəb partiyası Eyzenkotu namizəd göstərib. Bu partiyaların liderləri Netanyahu və onun ifrat sağçı müttəfiqlərinin siyasətini irqçi siyasət sayırlar. Lakin Eyzenkotun bloku indiyədək ərəb partiyaları ilə birləşməkdən imtina edib. Onun qarşısında üç yol var: ərəb partiyalarının kənardan dəstəyi ilə azlıq hökuməti, əvvəllər uzaq durduğu ultra-ortodoks partiyalarla koalisiya və ya Netanyahu ilə birlik hökuməti. “France 24” telekanalının danışdığı analitiklər bu variantların heç birinin asan alınmayacağını deyirlər. Eyzenkotun 28 günü var, bu müddət 14 gün uzadıla bilər. Alınmasa, hökuməti qurmaq başqa namizədə tapşırılacaq, bütün proses təxminən 100 günə başa çatmalıdır.
66 yaşlı Eyzenkot 2015-2019-cu illərdə İsrail ordusunun Baş Qərargah rəisi olub, siyasətə 2022-ci ildə gəlib. 2023-cü ilin oktyabrından sonra qısa müddət Netanyahunun müharibə kabinetində təmsil olunub, sonra müxalifətə qayıdıb, Baş nazirin Qəzzadakı hərbi əməliyyatı idarə etməsini açıq tənqid edib və onunla bir hökumətdə olmayacağını deyib. Eyzenkotun oğlu və iki qardaşı oğlu Qəzzadakı döyüşlərdə öldürülüb. Mərakeşdən gəlmiş immiqrant ailəsində doğulan Eyzenkot qalib gəlsə, Yaxın Şərq və Şimali Afrika əsilli yəhudilərdən olan ilk İsrail Baş naziri olacaq.
Eyzenkot işğal olunmuş İordan çayının Qərb sahilində fələstinlilərə hücum edən ifrat köçkünlərə qarşı sərt addımlar atacağını vəd edib, son hücumları Netanyahu hökumətinin göz yumduğu “yəhudi terroru” adlandırıb. Bununla belə, o, Fələstin dövlətinin yaradılmasına qarşı çıxır, Qəzzada Həmasın hakimiyyətinə son qoymağı və onun hərbi qanadını məhv etməyi vəd edir. 2006-cı ildə Livandakı müharibədə komandir kimi “Dahiyə doktrinası” adlanan yanaşmanı hazırlayıb: bu yanaşma “Hizbullah”ın nəzarət etdiyi ərazilərdə mülki infrastruktura qarşı kütləvi güc tətbiqini nəzərdə tutur və o müharibədə ağır dağıdılan Beyrut məhəlləsinin adını daşıyır. Seçki kampaniyasında Eyzenkot bu doktrinanı öz təhlükəsizlik təcrübəsinin nümunəsi kimi önə çəkib.
Hökumət böhranı İsrailin 2023-cü ilin oktyabrından Qəzzada apardığı müharibənin ağır nəticələri fonunda yaşanır. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) bu həftə yaydığı məlumata görə, Qəzzada təxminən 950 min köçkün daşqın təhlükəsi olan ərazilərdə yaşayır, İsrail hava zərbələri nəticəsində 4 mindən çox bina tam və ya qismən sökülməlidir.


