Beş ildə taxılçılığa 928 milyon manat ayrılıb, buğda istehsalı isə azalıb

İsmayıllının İvanovka kəndində buğda sahəsi, illüstrativ foto: Moonsun1981, CC BY-SA 3.0, Wikimedia Commons
13-11-2026 16:53

Son beş ildə dövlət büdcəsindən taxılçılığa 928,1 milyon manat ayrılsa da, ərzaqlıq buğda istehsalında irəliləyiş olmayıb. Hesablama Palatası son rəyində ölkənin strateji ərzaq məhsulları ilə təminatını aşağı səviyyədə qiymətləndirir. Bu vəsaitin 510 milyon manatı buğdaya düşüb.

Palatanın məlumatına görə, 2025-ci ildə buğda əkini sahəsi 62,3 min hektar, yəni 11,4 faiz azalıb, istehsal isə 75,9 min ton azalaraq 1,6 milyon tona düşüb. Orta məhsuldarlıq 2023-cü ilin səviyyəsindən aşağı olub və beş ildə hektardan 34 sentneri keçməyib. “Son üç ildə ərzaqlıq buğda istehsalının stimullaşdırılması üçün 38,6 milyon manat vəsait xərclənib. Buna baxmayaraq, buğda ilə özünütəminetmə səviyyəsi hələ də qənaətbəxş deyil”, - Palata bildirir.

Ötən il taxıl əkinlərinə 193,2 milyon manat subsidiya ödənilib, buğda əkini üçün subsidiya isə 88,4 milyon manat olub, bu da bir il əvvəlkindən 15,6 faiz azdır. Palata bunu əkin sahələrinin kiçilməsi ilə izah edir.

Rəydə hökumətin xəttinə zidd bir nəticə də var. Hökumət kiçik təsərrüfatları səmərəsiz sayaraq iri təsərrüfatları təşviq edir və torpaqların birləşdirilməsi barədə qanun layihəsi hazırlayıb. Hesablama Palatasının rəqəmlərinə görə isə ötən il buğda məhsuldarlığı kənd təsərrüfatı müəssisələrində hektardan 29,4 sentner, ailə kəndli təsərrüfatlarında 34,7 sentner, fərdi sahibkarlarda isə 43,6 sentner olub. Taxıl əkinlərinin 77,2 faizi ailə kəndli və ev təsərrüfatlarının payına düşür. Palata bu təsərrüfatların da dəstəklənməsini məqsədəuyğun sayır.

Prezident İlham Əliyev bu ilin mayında kənd təsərrüfatı müşavirəsində ölkənin buğda ehtiyacını cəmi 55 faiz daxili istehsal hesabına ödədiyini deyib, bunu “qəbuledilməz rəqəm” adlandırıb. Onun açıqladığı rəqəmlərə görə, daxili istehsal 1 milyon 573 min ton, idxal isə 1 milyon 267 min ton olub.

Rəy hökumətin 26 illik fasilədən sonra gələn ildən kənd təsərrüfatına vergi tətbiq etməyə hazırlaşdığı vaxta düşür. Vergi Məcəlləsinə dəyişikliklərin mətni tam açıqlanmayıb, yerli mediada mənfəət və gəlir vergisinin 10 faiz, fiziki şəxs olan kəndlilərin bəzi məhsulların satışından gəlirinə isə 2 faiz vergi tətbiq ediləcəyi yazılır.

Digər xəbərlər