Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Zaqreb Qran-prisində bürünc medal qazanıb
Arxiv foto: FISU, CC BY 3.0, Wikimedia CommonsAzərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirində 52 kiloqram çəkidə üçüncü yeri tutub.
Məmmədəliyeva əvvəlcə xorvatiyalı Tixeya Topolovets və Çin Taypeyini təmsil edən Pin-Syun Tsenqi məğlub edərək dörddəbir finala çıxıb. Burada macarıstanlı Roza Dyertyaşa uduzan idmançı təsəlliverici görüşlərdə Kosovodan Fatjona Kasapini, bürünc medal uğrunda görüşdə isə italiyalı İlaria Finestroneni məğlub edib.
66 kiloqramda çıxış edən Nizami İmranov fransalı Daki Bubu, italiyalı Matteo Piras və mərakeşli Abderrahman Buşitaya qalib gəlib, yarımfinalda braziliyalı Ronaldo Limaya məğlub olub. Zədələndiyi üçün bürünc medal görüşünə çıxmayan İmranov turniri beşinci yerdə başa vurub.
Azərbaycanın digər iki cüdoçusu ilk görüşlərində uduzub: Turan Bayramov (66 kq) almaniyalı Florian Bekerə, Murad Muradlı (60 kq) isə fransalı Luka Mxeidzeyə məğlub olub.


