Azərbaycanda yanvardan icra hakimiyyəti nümayəndələri evlərdəki kompüter və planşetləri qeydə alacaq
İllüstrativ foto: Henry McIntosh, CC0, Wikimedia CommonsAzərbaycanda 2027-ci il yanvarın 1-dən ev təsərrüfatlarının illik uçotunda mənzillərdəki kompüter, noutbuk və planşetlərin növü və sayı da yazılacaq. Bu dəyişiklik Dövlət Statistika Komitəsinin oktyabrın 13-də qəbul etdiyi qərarda əksini tapıb.
Uçotu yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndələri aparacaq. Qaydaya görə, onlar hər il yanvarın 1-dən 30-dək mənzillərə baş çəkməli, ailə başçısı və ya evin yetkinlik yaşına çatmış, fəaliyyət qabiliyyətli digər üzvü ilə sorğu keçirməlidir. Bu uçot sistemi Nazirlər Kabinetinin 2024-cü il 22 may tarixli qərarı ilə yaradılıb.
Yeni formalarda evin internetə necə qoşulduğu da göstəriləcək: telefon xətti, kabel televiziyası və optik kabel vasitəsilə, yoxsa mobil telefon, data-kart və ya USB modemlə. Sakinlərin işləyib-işləmədiyi, çalışdığı sahə, tələbə, pensiyaçı və ya evdar olması, habelə əmək pensiyası, müavinət, Prezident təqaüdü və ünvanlı sosial yardım kimi ödənişlərin növü ayrıca qeyd ediləcək.
“Azadlıq Radiosu” yazır ki, bəzi təhlilçilər bunu əhali üzərində total nəzarətin gücləndirilməsi kimi qiymətləndirir, digərləri isə formal prosesin genişləndirilməsi sayır. Təhlilçilər “Məmur təsərrüfatının uçotunda da şəffaflıq olacaqmı?” sualını verir. Radionun məlumatına görə, məsələyə Dövlət Statistika Komitəsindən və digər rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
İqtisadçı Razi Abbasbəyli isə “AzPolitika” saytına deyib ki, bu, vətəndaşların şəxsi əmlakının siyahıya alınması deyil, statistik məlumat toplanmasıdır və ölkənin rəqəmsal inkişaf səviyyəsini ölçməyə xidmət edir.


