Sabirabad kəndlərinin sakinləri qaz olmadığından evləri odun və təzəklə qızdırdıqlarını deyirlər
İllüstrativ foto: Sabirabad. Foto: Golden, CC BY-SA 4.0, Wikimedia CommonsSabirabad rayonunun qaz çəkilməyən kəndlərinin sakinləri odunun bahalaşması səbəbindən qışı necə keçirəcəklərini bilmədiklərini deyirlər. Pulu olmayanlar sobaları təzəklə yandırır, bəziləri isə həyətlərindəki meyvə ağaclarını kəsib yandırdıqlarını bildirir.
“Haqqın” saytının reportajına görə, rayonda on kənddən çoxuna hələ də qaz xətti çəkilməyib. Sayt rayon mərkəzindən 18-20 kilometr aralıda yerləşən və mindən çox adamın yaşadığı Çöl Beşdəli, həmçinin Rüstəmli, Qardaşkənd və digər kəndlərdə vəziyyətin eyni olduğunu yazır. Sakinlərin sözlərinə görə, rayonda meşə azdır, ağac kəsmək isə qadağandır.
Kondisioner və ya elektrik qızdırıcısı alanlar da problemdən qurtulmur: külək və şaxtada elektrik xətləri yükə dözmür və ya qopur, adamlar yenidən oduna qayıdır. Bir sakin bu il məhsuldan gəlir götürmədiyini, qazancının krediti ödəməyə getdiyini, odun üçün isə borc aldığını deyib.
Kəndlilər məktəblərin də odunla qızdırıldığını bildirir. Onların sözlərinə görə, bəzən tüstü sinifləri bürüdüyü üçün dərslər keçirilmir, qışda uşaqlar üst geyimdə oturur, əlləri donduğu üçün yaza bilmirlər. Sakinlər həmçinin içməli suyun çatışmadığından, kənd yollarının palçıq içində qaldığından, gənclərin işləmək üçün rayon mərkəzinə və Bakıya getdiyindən şikayətlənirlər.
Kəndlilərin sözlərinə görə, onlar hər il qazla bağlı onlarla müraciət ünvanlayır, rayon icra hakimiyyətinin qəbuluna gedirlər. “Azəriqaz”ın sosial şəbəkədəki şərh bölməsinin bağlı olduğunu, şəxsi mesajlara isə çox vaxt cavab gəlmədiyini və ya standart cavab verildiyini deyirlər.
“Haqqın” kəndlərin nə vaxt qazlaşdırılacağını “Azəriqaz”ın mətbuat katibi Eldəniz Vəliyevdən soruşduğunu, cavab ala bilmədiyini yazır.


