Ərdoğan Azərbaycanla gərginlikdən sonra: “Biz fərqli dövlətlərik”

Arxiv foto: Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons
09-11-2026 17:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla son iki ayda yaşanan gərginlikdən sonra noyabrın 8-də Şuşada iki ölkənin münasibətlərindən danışarkən “Biz fərqli dövlətlərik. Bütün bunlarla yanaşı, fərqli qurumsal strukturlara malikik”, - deyib.

BBC-nin türk xidməti yazır ki, Bakının Ankaraya iradlarının mərkəzində Türkiyənin Azərbaycanın daxili, xarici və təhlükəsizlik seçimlərinə hörmət etməməsi və “böyük qardaş” kimi davranması dayanırdı. Yazıda Ərdoğanın sözləri Azərbaycanın həssaslıqlarının Ankara tərəfindən nəzərə alındığı mesajı kimi qiymətləndirilir.

Həmin yazıda xatırladılır ki, Azərbaycanın İsraillə təhlükəsizlik, hərbi və kəşfiyyat sahələrindəki əlaqələri, o cümlədən İsrail Prezidenti İsaak Herzoqun oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə dəvət edilməsi Ankarada narazılıq yaradıb. Prezident İlham Əliyev isə oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının qurultayında Türkiyənin adını çəkmədən Azərbaycanın heç kimin köməyinə və himayəsinə ehtiyacı olmadığını deyib.

Ərdoğan Azərbaycandan dönərkən də iki ölkənin birliyinin kimlərisə narahat etdiyini bildirib, amma kimi nəzərdə tutduğunu deməyib.

BBC-nin türk xidmətinin yazdığına görə, Əliyev noyabrın 11-12-də Antalyada keçirilən COP31 konfransına qatılaraq Ərdoğanın səfərinə cavab verəcək. Əliyevin “X” hesabındakı məlumata görə, noyabrın 9-da Türkiyədə Yeni Partiyanın sədri Özgür Özəl də ona zəng edərək “Zəfər Günü” münasibətilə təbrik edib.

Digər xəbərlər