Moskvada Ermənistanın KTMT üzvlüyünün müzakirə oluna biləcəyi gün Paşinyan Türkiyədə olacaq

Arxiv foto: Presidential Executive Office of Russia, CC BY 4.0, Wikimedia Commons
09-11-2026 16:34

Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 11-də BMT-nin iqlim konfransı COP31-də iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedəcək. Bu barədə onun mətbuat katibi Melanya Arutyunyan məlumat verib.

Həmin gün Moskvada Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçiriləcək. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova əvvəl bildirmişdi ki, sammitdə Ermənistanın üzvlüyü məsələsinə baxıla bilər.

Paşinyan daha əvvəl brifinqdə Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyini və artıq bu təşkilatla bağlı heç bir marağı olmadığını deyib. Ermənistan 2024-cü ildən KTMT-də iştirakını dondurub.

COP31 noyabrın 9-dan 20-dək Antalyada keçirilir. BBC-nin türk xidməti yazır ki, Prezident İlham Əliyev də noyabrın 11-12-də həmin konfransa qatılacaq.

Digər xəbərlər