Səudiyyənin başçılıq etdiyi koalisiya Ər-Riyada atılan iki raketin vurulduğunu deyir
Ər-Riyad. İllüstrativ foto: B.alotaby, CC BY-SA 4.0, Wikimedia CommonsYəməndə Husilərə qarşı döyüşən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın sözçüsü general-mayor Türki əl-Maliki X sosial şəbəkəsində yazıb ki, noyabrın 10-da Ər-Riyad üzərində bir ballistik və bir qanadlı raket tutularaq məhv edilib. Onun sözlərinə görə, ikinci ballistik raket ölkənin cənubunda vurulub. Sözçü hücumlara görə İranın dəstəklədiyi Husiləri günahlandırıb.
AFP agentliyi yazır ki, Ər-Riyadda bir neçə partlayış eşidilib. Mülki müdafiə orqanı sakinlərə “hava təhlükəsi” səbəbilə sığınacağa keçmək barədə mesaj göndərib, sonra isə təhlükənin sovuşduğunu bildirib.
Bir gün əvvəl Mədinə bölgəsindəki “Şərq-Qərb” neft kəməri yenidən hücuma məruz qalmışdı. Səudiyyə Energetika Nazirliyinin rəsmisi rəsmi SPA agentliyinə deyib ki, zərbə “məhdud yanğına” səbəb olub, yanğın söndürülüb və kəmərin işinə təsir etməyib. İran ABŞ və İsrailin müharibəsindən sonra Hörmüz boğazında məhdudiyyətlər tətbiq etdiyi üçün bu kəmər Səudiyyə neftinin ixracında əsas yola çevrilib.
Husilər bazar günü də Ər-Riyadın biznes mərkəzini vurduqlarını bildirmişdilər. Səudiyyə rəsmiləri isə “hücum cəhdi” zamanı düşən qəlpələrin “Aramco” qülləsinə cüzi ziyan vurduğunu deyib. Yəməndə Husilərlə beynəlxalq səviyyədə tanınan və Ər-Riyadın dəstəklədiyi hökumət arasında döyüşlər davam edir, koalisiya hökumətin əraziləri geri almaq üçün hücumunu hava zərbələri ilə dəstəkləyir.


