“Al Arabiya”: ABŞ və İran uranın zənginləşdirilməsini məhdudlaşdıran ilkin razılaşmaya yaxınlaşır
Foto: Parsa 2au, CC BY-SA 4.0, Wikimedia CommonsABŞ və İranın müharibəni dayandıra biləcək ilkin razılaşmaya yaxınlaşdığı iddia olunur. Bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı adı açıqlanmayan mənbələrə istinadən xəbər verib. Kanalın yazdığına görə, ciddi danışıqların bərpası Qətər və Pakistanın birgə təşəbbüsü ilə mümkün olub.
“Al Arabiya”nın məlumatına görə, Vaşinqton İrana uranı 3,67 faizə qədər zənginləşdirməyə icazə verməyə razılaşıb, Tehranın da bu şərti qəbul etdiyi deyilir. ABŞ İranın hazırda 60 faizə çatmış zənginləşdirmə səviyyəsinin aşağı salınmasını tələb edir, bu məsələnin həlli üçün üçüncü ölkənin cəlb edilməsi müzakirə olunur.
Telekanal bildirir ki, təklif olunan şərtlərdə Hörmüz boğazının açılması və İrana qarşı dəniz blokadasının dərhal götürülməsi də var. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin ölkəyə qayıtması da müzakirə edilir, amma onların səlahiyyətlərinin həcmi hələ müəyyən olunmayıb.
Tehranın bir gün əvvəlki mövqeyi isə tamam başqa idi. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi noyabrın 9-da ABŞ-ni danışıqlar barədə saxta xəbər yaymağı dayandırmağa və İranın irəli sürdüyü yeddi şərti yerinə yetirməyə çağırmışdı. İnqilab Keşikçiləri Korpusuna yaxın “Tasnim” agentliyi də yüksək vəzifəli təhlükəsizlik rəsmisinə istinadən ABŞ bu şərtlər çərçivəsində əməli addım atmayana qədər danışıq planlaşdırılmadığını yazmışdı.
Tramp isə noyabrın 9-da Qətərin Baş naziri ilə görüşdən sonra müharibənin hərbi baxımdan “faktiki olaraq bitdiyini” demişdi. ABŞ prezidenti müharibə ərzində sülh razılaşmasının yaxın olduğunu dəfələrlə bəyan edib. ABŞ və İsrail İrana qarşı əməliyyatlara fevralın 28-də başlayıb.
Müharibənin bitə biləcəyi barədə xəbərlər neft bazarına da təsir edir. Noyabrın 9-da 94,15 dollara düşən “Brent” markalı neftin bir bareli noyabrın 10-da səhər saatlarında 91,45 dollara enib. Neftin qiyməti Azərbaycan büdcəsinin gəlirlərini birbaşa müəyyən edir.


