Əliyev və Paşinyan Dublində görüşüb: elektrik şəbəkələrinin birləşdirilməsi və sərhəd çayları müzakirə olunub
Arxiv foto: Əliyev və Paşinyan Münxendə. Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia CommonsAzərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu zirvə toplantısında ayrıca görüşüblər. Görüşdən sonra Bakı və Yerevan demək olar ki, eyni mətnli açıqlama yayıblar.
Açıqlamaya görə, liderlər 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan birgə bəyannaməyə əsaslanaraq sülh gündəliyini, nəqliyyat və tranzit əlaqələrini, ticarəti, sərhədlərin delimitasiyasını və etimad tədbirlərini müzakirə ediblər. Ayrıca olaraq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin dəmir yolu və avtomobil yolu hissələrinin planlaşdırılması və layihələndirilməsi də gündəmdə olub.
Hər iki tərəf Azərbaycan ərazisindən keçməklə Ermənistana yük tranzitini müsbət hal kimi qiymətləndirib. Açıqlamada deyilir ki, keçən ilin noyabr ayından bəri Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb.
Görüşdə iki ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi də müzakirə olunub. Mətnlər arasında kiçik fərq var: Azərbaycan tərəfinin versiyasında bu, “gələcəkdə” mümkün addım kimi, Ermənistan hökumətinin ingiliscə versiyasında isə “qarşıdakı” birləşmə kimi təqdim olunur.
Liderlər həmçinin transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar. Hansı çayların nəzərdə tutulduğu və qrupların nə vaxt işə başlayacağı açıqlamada göstərilməyib.
Vaşinqton görüşündən sonra iki lider beynəlxalq tədbirlərin kənarında bir neçə dəfə görüşüb. İki ölkə arasında sülh sazişinin mətni paraflansa da, Azərbaycan onun imzalanmasını Ermənistan konstitusiyasının dəyişdirilməsi şərtinə bağlayır.


