Azərbaycan və Britaniya strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb: müdafiə sənayesi də sənəddədir

Foto: Mtaylor848, CC BY-SA 4.0, Wikimedia Commons
12-11-2026 22:55

Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham noyabrın 12-də Dublində iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalayıblar. Sənəd “Avropa Siyasi Birliyi”nin İrlandiya paytaxtında keçirilən zirvə toplantısı zamanı qəbul olunub.

Bəyannamənin mətninə görə, tərəflər 1994 və 1998-ci illərdə imzalanmış dostluq bəyannamələrindən sonra münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırır. Sənəddə müdafiə sahəsində təlim, potensialın artırılması və müdafiə sənayesində birgə təşəbbüslərin imkanlarını araşdırmaq öhdəliyi yer alıb. Hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi və məhkəmə-hüquq sahəsində əməkdaşlıq da nəzərdə tutulur.

İqtisadi hissədə bərpa olunan enerji, infrastruktur, Orta Dəhliz, yaşıl maliyyələşdirmə və kapital bazarları sadalanır. Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya bu təşəbbüslər üçün əsas platforma adlandırılır. Tərəflər görülən işləri hər il keçiriləcək strateji tərəfdaşlıq görüşlərində nəzərdən keçirməyi razılaşdırıb.

Britaniya sənəddə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsini və Azərbaycanla Ermənistan arasında normallaşma addımlarını alqışlayır. London iki ölkənin ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə çatmaq səylərini dəstəklədiyini bildirir.

Bəyannamədə “qanunun aliliyi və institusional dayanıqlılıq” ifadəsi işlənir, amma insan hüquqları, siyasi məhbuslar və media azadlığı barədə ayrıca bənd yoxdur. Britaniya Azərbaycanın ən böyük xarici investorlarından biridir: Britaniya şirkəti BP “Azəri-Çıraq-Günəşli” yataqlarının və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin operatorudur.

Digər xəbərlər