Bizim "əməkdar müəllim"lər
Aydan Mərdanzadə
2015-ci ilin aprel ayının sonu - may ayının əvvəli idi. Sahil bağında skamyada oturub dincəlirdim. Hər zamanki kimi Bayıl istiqamətindən üzü şəhərə bütün yollar bağlı olduğundan Sahil metrosunadək piyada gəlmək məcburiyyətində qalmışdım.
Ətrafdakı skamyalarda qəzet oxuyan yaşlı bir kişi, itlərini gəzdirən bir qadın, skeyt sürən uşaqlar və övladlarının məktəbdən çıxışını gözləyərkən başı qızğın söhbətə qarışmış valideynlər vardı. Həmin valideynlər mənə yaxın skamyada əyləşdiklərinə və yüksək səslə danışdıqlarına görə necə deyərlər, istəmədən qulaq misafiri olmuşdum.
Valideynlər qarşıdan gələn "Gül Bayramı" ilə bağlı sinifdə gedən təşkilati işlərdən narazılıq edirdilər. Sarı saçlı qadın müəllimlərin ibtidai sinif şagirdlərinə həddindən artıq yükləndiyini, onlara bayramda sərgiyə çıxarmaq üçün çox qəliz tapşırıqlar verdiyini, əynində ağ rəngli və üzəri qara iri hərflərlə "Dolce&Gabbana" yazılı tişört olan 30-35 yaş arası bir qadın müəllimlərin məqsədinin direktora yaltaqlanmaq, özlərini o birilərdən daha işgüzar və qoçaq göstərmək olduğunu deyib giley-güzar edirdi.
Künc tərəfdə oturan, göz-ucu baxdığım zaman üzündəki makiyajdan İlhamə Quliyevanın "Yaşın nə fərqi var" klipindəki obrazına bənzətdiyim digər valideyn isə müdaxilə edərək onların sinif rəhbərinin "b"lər və "c"lərlə müqayisədə daha insaflı olduğunu, həmin "b"lər və "c"lərin sinif rəhbərlərinin uşaqlara tapşırıq vermək əvəzinə onlardan bir xeyli pul yığdığını, həmin pulun bir qismini öz tanışlarına verərək "ucuz" sərgi materialları hazırladıb qalan pulu qatlayıb cibinə qoyduğundan əksəriyyətin xəbərdar olduğunu deyərək təskinlik tapırdı.
Bu söhbətlərin təsirindən dincəlmək üçün əyləşdiyim skamya bütün enerjimi tükətmişdi. Söhbətin qızğın yerində parkın digər tərəfindən bir qrup məktəblinin qocaman bir müəllimin müşayətilə parkın içinə doğru irəlilədiyini gördüm. Müəllimənin arxadan toplanmış qara saçları, dizə qədər çəkilmiş kapron corabları, corabların bitdiyi hissədən dizinin kiçik bir hissəsini açıqda qoyacaq uzunluqda olan qəhvəyi-boz çalarlı ətəyi, və üstündə pələng təsviri olan köynəyi var idi.
Göz yaddaşım çox yaxşı olduğundan bəzi insanların fiziki görünüşünü ümumiyyətlə unuda bilmirəm. Uşaqlar iti addımlarla mənim yaxınlığımdakı skamyada əyləşən qadınlara tərəf qaçdılar. Müəllimə də onların ardınca üzündə süni təbəssüm yaradaraq valideynlərə yaxınlaşdı. Bunu görcək valideynlər bir nəfər kimi ayağa sıçrayıb qocaman müəllimənin üstünə cumdular. Onu sırayla o üzündən bu üzündən öpməyə başladılar. Daha sonra eyni yalançı gülümsəmə ilə müəllimənin şanına təriflər yağdırıb, onun dərs verdiyi şagirdlərin nə qədər şanslı olduğunu dönə-dönə dilə gətirdilər.
Xülasə, müəllimə uşaqların dərs zamanı özlərini necə apardığını, tənəffüsdə hansı uşağın dəcəllik edib, hansının ağıllı və kamallı olduğunu, kimin koridorda qaçdığını, dərs zamanı arxaya çevrilib danışdığını, kimin "ayaq yolu" adı ilə dərsdən çıxıb həyətdə boş-boş veyilləndiyini valideynlərə ətraflı şəkildə izah etdi. Elmdən, bilgidən başqa hər şeydən danışmağa həvəsli olan müəllimə qarşıdan gələn bayram ilə əlaqədar təlimatları verdi.
Ardınca belə bir dialoq başladı:
– Bu tədbirə biz elə hazırlaşmalıyıq ki, həm direktor razı qalsın, həm sərgidə iştirak edən Təhsil Nazirliyinin işçiləri, həm də deyilənə görə, prezidentimiz də gəlib baxacaq sərgiyə. Ondan ötrü deyirəm ki, evdə uşaqlarınızın üstündə durun, hər işinizi sonraya saxlayın. Əsas odur ki, bu işdən alnı açıq çıxaq.
– Müəllimə, mən siz deyən o muncuqlardan tapa bilməmişəm. Bütün Sədərəyi də al-üst elədim, eynən onlardan tapmadım.
– Bugün-sabah bayramın vaxtı çatır sən hələ heç başlamamısan?!
Belə olmaz ee. Gərək siz valideynlər dərk edəsiniz ki, bu bayram üçün məktəblər arasında necə yarış gedir. Direktor tapşırıb ki, hamı vaxtında hazır olmalıdır. Yoxsa dişinin dibindən çıxanı deyəcək yenə. Onsuz da sizin uşaqların nadincliyinə görə hər iclasda üzümüz "tüpürcəklidir".
Bayram mövzusunu məsləhət-məşvərət edib yekunlaşdırdıqdan sonra valideynlərdən biri müəlliməyə sual ünvanladı:
– Müəllimə, keçən dərs demişdiniz ki, gələn həftəyə qədər Şuşanın işğalı gününə aid hər kəs inşa yazıb gətirməlidir. İnternetdən tapıb gətirsək, olar?
– Həə, əşii, niyə olmur? Onsuz da internetdə hər şey var. Hərəniz bir səhifə şəkilli yazı çıxartdırıb gətirərsiniz. İndi əsas məsələ sərgidir, gərək sərgiyə vaxtında hazır olaq. Yenə deyirəm, məni direktorun yanında üzü qara eləməyin.
Müəllimə sağollaşıb yola tərəf getdi, arxasıyca baxa-baxa qeyri-ixtiyari bir hadisəni xatırladım.İşim gərəyi müəllimlərlə, şagirdlərlə demək olar ki, hər gün ünsiyyətdə olurdum. Düzünü desəm, uşaqlara nəyisə izah etmək mənim üçün daha asan idi, nəinki müəllimlərə. Öz üzərində işləməyən, əksər dərs mövzularını "get internetdən çıxart, gətir" prinsipi ilə yola verən müəllimlərin dərs verdiyi şagirdlərə, sadəcə, yazığım gəlirdi. Bu müəllimlərin arasında direktorun tapşırıqlarını sanki Allahın əmri imiş kimi qəbul edənlər də çox idi.
Onlardan birini xüsusilə yaxından tanıyırdım. Daima bütün bayramlarda canfəşanlıq edib sinifi bəzəyər, xüsusi günlərdə, matəm günlərində sinifi qərənfillər, həmin günlə bağlı əl işləri, hazırlanması heç də ucuz başa gəlməyən iri plakatlar, fotolarla doldurardı. Xüsusilə də "20 Yanvar" və "Xocalı Soyqırımı" ilə bağlı tədbirlərdə onun sinfi ilk sıralarda olmalı, şagirdlər şeir deyəndə hıçqırtı ilə ağlamalı, sanki o fəlakətlərdə şəxsən iştirak etmişlərmiş kimi o yanğılı ürək ağrısını bütün tədbirdə oturanlara ötürməli idilər.
Günlərin bir günü həmin müəllimənin toyluq saç düzümü və qucağında iri gül buketiylə öz kolleqası ilə dialoquna şahid oldum:
– Salam müəllimə, necəsiniz, nə gözəl görünürsünüz, gülləriniz də çox gözəldi. Ad gününüzdür, yoxsa haradansa xüsusi bir yerdən gəlirsiniz?
– Həə çox sağol, az yox e, nə ad günü, televiziyadan çağırmışdılar, Xankəndinin işğal günü ilə bağlı nəsə veriliş hazırlayırdılar, məni də dəvət eləmişdilər. Heç fərli şey olsa, çağırmazlar e, heyf saçıma da o qədər pul vermişdim.
Həmin müəlliməyə sonralar "əməkdar müəllim" adı verildi. Mən də bir zamanlar müəllim olmaq istəyirdim, hətta başqa sahəyə yönəldiyimə görə özümü daima məzəmmət edirdim. Amma bu hallarla o qədər rastlaşdım ki, ümumiyyətlə həmin sistemdə olmadığım üçün, o saxtakarlıq və ikiüzlülüyü dünyadan xəbərsiz uşaqlara aşılamaq məcburiyyətində qalmadığım üçün hazırda özümü qismən rahat hiss edirəm.

