Son dəqiqə:

Azərbaycanda ən böyük problem nədir: məişət, yoxsa büdcə korrupsiyası?..

16-11-2016 19:17 / Bu xəbər 442 dəfə oxundu
"Azərbaycanda korrupsiya yalnız məişət səviyyəsindədir”.

Bunu Toplum.Tv-yə hüquqşünas Müzəffər Baxış "Transparency International”ın korrupsiyayla bağlı yeni hesabatında Azərbaycanla bağlı qeyd olunan fikirlərə münasibət bildirərkən deyib. 
Image result for Müzəffər Baxış
Müzəffər Baxış 

Hüquqşünas Azərbaycanda əhalinin çox az faizinin korrupsiyadan narazı olduğunu deyib. Onun sözlərinə görə, korrupsiyanın olması insanlara sərf edir:"Azərbaycanda korrupsiya yalnız məişət səviyyəsindədir. Əksər adamlar və sahibkarlar korrupsiyadan narazı deyil. Pul verib, pul almaq onları narahat etmir və korrupsiyanın olması onlara sərf edir. Məsələn, fəhlənin gündəlik haqqı 10 manatdır və o, hər gün 10 manatdan 1 manat kənara qoyur. Övladı 18 yaşına çatanda həmin yığdığı pulu "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti”nin şöbə rəisinə verir və bunun nəticəsində övladı əsgərliyə getmir. Azərbaycanda hamı korrupsiyadan narazı deyil. Hətta mən təklif etmişdim ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində rüşvət vermək və rüşvət almaq maddələri çıxarılsın. Çünki cinayətin qanunda 4 əlaməti var: ictimai təhlükəli, qanunla qadağan olunmuş, təqsirli və cəzalanmalı olması. Amma mütəxəssislər 5-ci əlamətin də olduğunu deyir. Bunun adı qeyri-əxlaqilikdir. Yəni ictimai şüur korrupsiyanı qeyri-əxlaqi qəbul etməlidir. Məsələn, Milli Təhlükəsizlik Nazirliyinin baş idarə rəisi Akif Çovdarovun  rüşvət aldığını deyəndə, ictimai şüur bunda anormallıq görmür. Nazirin rüşvət aldığını biləndə də həmçinin. Azərbaycanda vətəndaşların 38%-i korrupsiyadan narazı olduğunu qəbul etmirəm. Çox az faiz vətəndaş korrupsiyadan narazıdır”.

İqtisadçı ekspert Natiq Cəfərli isə Toplum.Tv-yə açıqlamasında qeyd edib ki, korrupsiya Azərbaycanın ən böyük problemlərindən biridir: "Ölkədə korrupsiya yalnız məişət səviyyəsində deyil.  Azərbaycanın ən böyük problemi büdcə korrupsiyasıdır və bu korrupsiyanın əhaliyə vurduğu ziyan məişət korrupsiyasını vurduğu ziyandan qat-qat çoxdur. Azərbaycanda korrupsiyanın səviyyəsinin yüksək olması da heç kimə sirr deyil. İllərdir, bir çox korrupsiya hesabatlarında Azərbaycanda korrupsiyanın yüksək səviyyədə olması təsbit olunur. Bu da ölkəyə ciddi problem yaradır. İş adamlarına fəaliyyət göstərmək üçün hər hansı bir dövlət icazələrinin alınmasında, lisenziyaların verilməsində, bir çox fəaliyyət ilə məşğul olunmasında ciddi problemlər, əngəllər yaradılır. Ona görə də korrupsiyanın Azərbaycan əhalisinə təsiri, təbii ki, çox yüksək səviyyədədir. Amma çox təəssüf ki, bu tipli hesabatlarda söhbət ancaq məişət korrupsiyasından gedir. Bunun da bəzi elementləri artıq "ASAN Xidmət” vasitəsi ilə aradan qaldırılıb. Yenə də qeyd edirəm ki, Azərbaycanın ən böyük problemi məişət korrupsiyası deyil, büdcə korrupsiyasıdır. Təəssüf ki, vətəndaşların bir çoxu bunu hələ də tam qavraya bilmir". 
Image result for Natiq
Natiq Cəfərli

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyev isə hesab edir ki, Azərbaycanda vətəndaş rüşvəti verməzdən əvvəl müvafiq dövlət qurumlarına, hüquq mühafizə orqanlarına müraciət etməlidir:"Azərbaycanda vətəndaş rüşvəti verməzdən əvvəl müraciət etməlidir. Kimsə deyə bilməz ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib, amma rüşvət verdiyi məmur həbs olunmayıb. Belə hallar olmayıb. İnsanlar özləri  bununla bağlı mübarizə aparmalıdır. Yəni korrupsiyaya qarşı mübarizəni həm hüquq mühafizə orqanları, həm də ictimaiyyət özü aparmalıdır. Kompleks tədbirlər olmalıdır”.
Image result for Fərəc Quliyev
Fərəc Quliyev

Qeyd edək ki, Korrupsiya ilə mübarizə aparan beynəlxalq qurum – "Transparency International” hesabat sənədini hazırlamaqdan ötrü 42 ölkədə 60 mindən çox vətəndaşla danışıb, onların gündəlik həyatda korrupsiya ilə nə qədər sıx üzləşdiyini öyrənərək, qiymətləndirmə aparıb. Hesabatın xəritəsi korrupsiyadan Avropanın şərq hissəsinin əziyyət çəkdiyini, ümumiyyətlə, rüşvətxorluğun səviyyəsinin şərqə doğru artdığını göstərir. Hesabata görə, Azərbaycan korrupsiyanın ciddi problem olduğu ölkələrdəndir. Bu ölkədə vətəndaşların 38%-i ictimai xidmətlərdən yararlanmaq üçün rüşvət verdiyini bildirib.

Alya.A

Digər xəbərlər