Azərbaycandan geri qaytarılan 20 ton yayma yağı Rusiyadakı zavodda yoxlamaya səbəb olub
İllüstrativ foto: Mr.jackal1880, CC BY-SA 4.0, Wikimedia CommonsRusiyanın istehlakçı hüquqlarına nəzarət qurumu “Rospotrebnadzor”un Tula vilayəti idarəsi bildirir ki, Azərbaycandan geri qaytarılan 20 ton bitki-yağ qarışıqlı yayma yağı “Nika-Milk” MMC-də plandankənar yoxlamaya səbəb olub. Söhbət “Krestyanskoye çudo” adlı, yağlılığı 82,5 faiz olan məhsuldan gedir.
Qurumun məlumatına görə, Azərbaycana göndərilən məhsul təhlükəsizlik göstəricilərinə görə tələblərə cavab verməyib. Məhsulu Azərbaycanda hansı qurumun geri qaytardığı açıqlamada göstərilməyib.
Yoxlama zamanı zavodda texnoloji sənədlərin olmadığı, istehsala nəzarətin aparılmadığı, xammalın və hazır məhsulun mənşəyinin izlənmədiyi, etiketləmə tələblərinin pozulduğu aşkar edildiyi bildirilir. Nəticədə 10 530 kiloqram məhsulun dövriyyəsi dayandırılıb: bunların arasında istehsalçısı, istehsal tarixi və saxlanma müddəti göstərilməyən, həmçinin vaxtı keçmiş məhsullar olub.
Laboratoriya analizi üçün nümunələr götürülüb, məsul şəxslər barəsində Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 14.43-cü maddəsi ilə inzibati iş açılıb. Zavodun rəhbərliyi bu barədə hələlik açıqlama verməyib.


