Putin Əbu-Dabidəki Ukrayna danışıqlarına köməkçisi Medinskini, iki diplomat və iki generalı göndərir

Arxiv foto: Константин Чалабов, CC BY 4.0, Wikimedia Commons
07-11-2026 11:34

Noyabrın 10-da, çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə başlayacaq Rusiya-ABŞ-Ukrayna danışıqlarında Rusiyanı Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, eləcə də Baş Qərargahın iki rəhbər şəxsi təmsil edəcək.

Hərbçilərdən biri Baş Qərargahın Baş İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini İqor Kostyukov, digəri Baş Əməliyyat İdarəsi rəisinin müavini Yuri Jiqarlovskidir. Heyətin tərkibini Kremlin sözçüsü Dmitri Peskov “İnterfaks” agentliyinə təsdiqləyib.

Putin cümə günü axşam Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirədə üçtərəfli danışıqları müzakirə edib və danışıqlarda iştirak edəcək şəxsləri də bu müşavirəyə dəvət etdiyini deyib. Peskovun sözlərinə görə, müşavirədə iştirak edən köməkçi Yuri Uşakov danışıqlara beynəlxalq məsələlər üzrə köməkçi kimi nəzarət edir.

Medinski 2022-ci ildə və 2025-ci ildə İstanbulda Ukrayna ilə keçirilən danışıqlarda da Rusiya heyətinə rəhbərlik etmişdi.

Danışıqlar ərəfəsində Rusiya Kiyevə ballistik raketlərlə zərbələr endirib. Ukrayna da gecə ərzində Rusiyanın bir neçə bölgəsinə yüzlərlə dronla hücum edib.

Digər xəbərlər