Son dəqiqə:

"The New York Times": İsrail ABŞ-yə İranın kimyəvi silah işlətməyi düşündüyü barədə kəşfiyyat məlumatı verib, Vaşinqtonda buna şübhə ilə yanaşanlar var

Foto: Benyamin Netanyahu. Avi Ohayon, CC BY-SA 3.0, Wikimedia Commons
03-11-2026 23:19

İsrail ABŞ-yə İranın öz rəqiblərinə qarşı kimyəvi silah işlətməyi nəzərdən keçirdiyi barədə kəşfiyyat məlumatı ötürüb. Bu barədə "The New York Times" qəzeti ABŞ və region ölkələrinin rəsmilərinə istinadən yazır.

Qəzetə görə, Vaşinqtonda bu məlumata münasibət fərqlidir: bəzi rəsmilər onu narahatlıqla, digərləri dərin şübhə ilə qarşılayıb. Bir qrup ABŞ rəsmisi hesab edir ki, bu, İsrail Baş naziri Benyamin Netanyahunun hökumətinin ABŞ-ni İrana qarşı yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlamağa inandırmaq kampaniyasının hissəsidir. Digərləri isə İranın döyüşləri bərpa etməyə hazırlaşdığını nəzərə alaraq xəbərdarlığı ciddiyə almağı təklif edir.

Region ölkələrindən bir rəsmi qəzetə deyib ki, İsrail Fars körfəzi ölkələrinə də İranın kimyəvi silahını döyüşə hazır vəziyyətə gətirmək üzərində işlədiyini bildirib. Onun sözlərinə görə, İsrail rəsmiləri sübut yox, öz qiymətləndirmələrini təqdim edib və körfəz hökumətləri bunu ciddi saymayıb.

Qəzet yazır ki, son iki həftədə İsrail rəsmiləri ABŞ kəşfiyyatına və digər həmsöhbətlərinə İranın kimyəvi silah təhdidinin onun nüvə ambisiyalarından daha təcili olduğunu deyib. Onların iddiasına görə, İran kimyəvi silahı raketlərə yerləşdirmək texnologiyasını sürətlə hazırlayır və ya onu gizli yolla İsrailə, yaxud başqa bir ölkəyə keçirib hücum üçün istifadə etməyi planlaşdırır.

İran hakimiyyəti əvvəllər bildirib ki, 1980-1988-ci illərdəki İran-İraq müharibəsi dövründə belə silah hazırlayıb, lakin sonradan onu məhv edib. ABŞ isə əvvəllər İranın kimyəvi silahı olduğunu və ya onu əldə etməyi planlaşdırdığını iddia edib. Ağ Ev qəzetin sualına cavab verməyib, Mərkəzi Kəşfiyyat İdarəsi şərh verməkdən imtina edib.

Qəzet diqqət çəkir ki, İsrail ordusunun Arxa Cəbhə Komandanlığı bu həftə ölkədə təlimlər keçirir, lakin onlara mümkün kimyəvi hücuma hazırlığı daxil etməyib. Komandanlığın iki əməkdaşının sözlərinə görə, zabitlərə belə təhlükə barədə xəbərdarlıq göndərilməyib, əhali də məlumatlandırılmayıb.

Digər xəbərlər