Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi məhkəməyə göndərilib

İllüstrativ foto, Sünik vilayətinin Sisian şəhəri: Knifebird, CC BY-SA 4.0, Wikimedia Commons
16-11-2026 13:00

Ermənistan Baş Prokurorluğu oktyabrın 1-də Sünik vilayətinin Sisian icmasına aid Şaki kəndində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin cinayət işinin ittiham aktı ilə birlikdə məhkəməyə göndərildiyini açıqlayıb.

Erməni tərəfinin ittihamına görə, Musayev kənddə bir evə girib, atəş nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralanıb, hərbçi sonra kənddəki başqa evdə yaxalanıb. Ona ağır bədən xəsarəti yetirmə, qanunsuz silah daşıma, yaşayış evinə icazəsiz girmə, sərhədi qanunsuz keçmə və silah qaçaqmalçılığı daxil olmaqla beş maddə ilə ittiham verilib. Avetisyanın bacısı erməni “News.am” saytına deyib ki, hərbçi uşaqları girov götürüb, qadın onları qoruyarkən sol əlinin üç barmağını itirib.

Musayevin özü isə istintaqa verdiyi ifadədə heç kimə zərər vermək niyyətində olmadığını, qadının silahından yapışdığını, bundan sonra atəş açmağa məcbur qaldığını deyib; ifadənin bu hissəsini erməni “Joxovurd” qəzeti yayıb. Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan parlamentdə hərbçinin “öldürmək niyyəti olmadığını” və dumanda yolunu azdığını demişdi.

Azərbaycan Baş Prokurorluğu Laçın istiqamətində xidmət edən Musayevin sentyabrın 26-dan itkin düşdüyünü təsdiqləyib və onun hərbi hissəni “özbaşına tərk etməsinə dair əsaslı şübhələr” olduğunu bildirib.

Baş nazir Nikol Paşinyan oktyabrda baş verənləri “adi cinayət hadisəsi” adlandırmış, Avetisyanın evə girən hərbçiyə müqavimət göstərmək əvəzinə polisi gözləməli olduğunu demişdi. Bu söz Ermənistanda narazılıq yaratmışdı.

Digər xəbərlər