Son dəqiqə:

Milli Şuranın mitinqi - FOTOLAR+VİDEO+YENİLƏNİB

15-01-2015 14:50 / Bu xəbər 3241 dəfə oxundu

Milli Şuranın mitinqi  ba çatıb.

Sonda mitinqin qətnaməsi səsləndirilib. Qətnamədə ilk olaraq manatın qəfil ucuzlaşmasının nəticəsində xalqa dəymiş ziyanın kompensasiya edilməsi tələb edilib. Həmçinin, maaşların, pensiyaların azı 30-40 faiz artırılması, korrupsiya və monopoliyanın durdurulması, bank kreditlərinin faizlərinin aşağı salınması, sahibkarlara qarşı təzyiqin dayandırılması tələb olunub. Eyni zamanda, Qarabağ qazilərinə qanunvericilikdə nəzərdə tutulan qan pulunun ödənilməsi, seçki islahatının aparılması, siyasi məhbusların azad edilməsi və Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması da tələblər arasındadır.  

***

Cəmil Həsənli isə ilk olaraq gəncliyi salamlayıb və xalqının gələcəyinin onların mübarizəsindən asılı olduğunu vurğulayıb. O, mitinqin keçirilməməsi, alınmaması üçün hakimiyyətin bir çox yollara əl atdığını, hətta onun profilini oğurladığını xatırladıb: “Mayası oğurluqla tutulmuş hakimiyyətdən bundan artıq nə gözləmək olar? Əvvəl Əliyev sülaləsi hakimiyyəti oğurladı, sonra sərvətləri. Sonra səs oğurluğuna keçdi. Bu millətin haqqını oğurladı, sonra da profil oğurlamağa keçdi. Oğurluğu bu halal ölkədə ənənəyə keçirənlərə ar olsun!”. Onun sözlərinə görə, nə vaxta qədər ki, xalq haqqını tələb etməyəcək, haqqı yeyiləcək: “Heç bir əzazil rejim ədədi deyil. Bir gün bu xalq bu rejim üzərində öz qələbəsini qeyd edəcək”. C.Həsənli qeyd edib ki, növbəti mitinq aprelin 5-də, saat 15.00-da, elə bu meydanda keçiriləcək: "Qələbəyə doğru!".


***
AXCP sədrinin müavini Gözəl Bayramlı isə bildirib ki, hakimiyyət xalqla hesablaşmır: “Azərbaycan dərin sosial-iqtisadi böhran içərisindədir. Hakimiyyətin apardığı yarıtmaz siyasət buna gətirib çıxarıb. Azərbaycan iqtisadiyyatı neft üzərində qurulub, neftdən asılı duruma salınıb. Azərbaycan hakimiyyəti xalqla hesablaşmır. Biz bu siyasətə, bu talana “yox!“ demək üçün buradayıq”.

***

Milli Şuranın üzvü Hacı Rövşən Əhmədli isə meydana gələnləri bu cür salamlayıb: “Zülmətə boyun əyməyib, öz qorxusuna üstün gəlib meydana gələn cəsarətli insanlara salam olsun. Torpaqların azadlığını gözləyən şəhid ruhlarına salam olsun. Əsirlikdə azadlığını gözləyən Azərbaycan insanına salam olsun. Zülmə boyun əymədiyinə görə məhbəsdə olan Azərbaycan insanına salam olsun. Bu gün bu millətin yalnız manatı oğurlanmayıb. Millətin haqqına təcavüz ediblər. Biz buna “yox!” deyirik”. 
O, son olaraq vurğulayıb ki, zülmə boyun əymək olmaz, mübarizə aparmaq lazımdır. 

***

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə deyib ki, manatın ucuzlaşdırılması hakimiyyətin Azərbaycan xalqının başına gətirdiyi növbəti fəlakətdir: “Azərbaycan hakimiyyətinin ən böyük ümidi o idi ki, bu özbaşınalıqla, azğınlıqla bu xalq barışacaq. Ümid edirdilər. Ancaq bu gün meydana gələnlər hakimiyyətin üzünə çırpdı ki, biz kölə deyilik, biz xalqıq. Bu ölkədə təkcə manat yox, bizim bütün haqqımız oğurlanıb!”.///musavat.com

Arqument.Az-ın əməkdaşı xəbər verir ki, mitinqdə ilk çıxışı AXCP sədri Əli Kərimli edib.

O bildirib ki, bu gün meydana toplananlar bir nəfər kimi hakimiyyətin talanına “yox” deyənlərdir: "Bu gün bizim düçar olduğumuz bu durum hakimiyyətdəkilərin yarıtmaz siyasətinin nəticəsidir. Onlar bu gün antixalq siyasəti yürüdürlər. Xalqın başına oyun açılır. Hakimiyyət korrupsiyasından qalmır".

***

Bu barədə Arqument.Az-ın mitinqdə olan əməkdaşı xəbər verir. 

Onun verdiyi məlumata görə, Milli Şura rəhbərliyi artıq mitinqi açıq elan edib. Mitinq Azərbaycan himnli ilə başlayıb və hazırda davam edir. Mitinqin aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlıdır. 

***

Arqument.Az-ın əməkdaşı xəbər verir ki, artıq mitinq iştirakçıları "Məhsul" stadionuna toplaşır. 

Mitinqə Azərbaycan və Avropa Birliyinin bayraqları gətirilib. Ərazi polis nəzarətindədir və artıq vətəndaşları stadiona daxil olmasına icazə verilib. Milli Şura rəhbərliyi isə hələ ki, gəlməyib. Heç bir insident də qeydə alınmayıb.

***

Bu gün saat 15:00-da Milli Şura metronun "İnşaatçılar" stansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunda mitinq keçirməyi planlaşdırır. 

Arqument.az xəbər verir ki, "Talana son!" adı altında keçirilən mitinq Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılıb və 2 saat davam edəcəyi gözlənilir. 

Milli Şuranın tədbirində bəzi müxalifət partiyaların üzvlərinin də iştirak edəcəyi gözlənilir. 

Arqument.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən ünvandadırlar.

Arqument.az


Bölmələr:



Digər xəbərlər