Gürcüstandan bu ilin doqquz ayında 143 Azərbaycan vətəndaşı deportasiya edilib

İllüstrativ foto, Azərbaycan-Gürcüstan sərhədi: Aabdullayev851, CC BY-SA 4.0, Wikimedia Commons
08-11-2026 12:45

Gürcüstan Daxili İşlər Nazirliyinin statistikasına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədən 143 Azərbaycan vətəndaşı deportasiya olunub. Bu, həmin dövrdə Gürcüstandan çıxarılan 3 170 əcnəbinin təxminən 4,5 faizidir. Azərbaycan vətəndaşları deportasiya olunanların sayına görə altıncı yerdədir.

Siyahıda birinci yerdə 791 nəfərlə Türkiyə vətəndaşları gəlir. Onların ardınca 306 Hindistan, 274 Türkmənistan, 254 Rusiya və 180 İran vətəndaşı var. Azərbaycandan sonra 119 Çin, 101 Pakistan, 91 Misir və 87 Özbəkistan vətəndaşı qeydə alınıb.

Deportasiyaların sayı son iki ildə kəskin artıb. 2024-cü ildə Gürcüstandan 363, 2025-ci ilin bütün ilində isə 1 311 əcnəbi çıxarılmışdı. Bu ilin birinci rübündə 904, ikinci rübündə 1 132, üçüncü rübündə isə 1 134 nəfər deportasiya edilib.

Artımın Gürcüstanda miqrasiya və əmək miqrasiyası qanunlarının sərtləşdirilməsi ilə bağlı olduğu bildirilir. Yeni qaydalara görə, ölkədə qanuni qalma müddətini aşan, vizası və ya yaşayış icazəsi olmayan əcnəbilərin müəyyən edilməsi və məcburi çıxarılması sadələşdirilib.

Digər xəbərlər