"Fərqli düşünənlərə qarşı siyasi repressiya..." - Müsavat bəyanat yaydı
Müsavat Partiyası AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsini pisləyən, bütün siyasi məhbusların azadlığını tələb edən bəyanat yayıb.
Partiyanın mətbuat xidmətindən Arqument.Az-a daxil olan bəynatda deyilir:
"Dünən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs edilib.
Məlumata görə, Fuad Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1- (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.
Nəsimi rayon məhkəməsi Fuad Qəhrəmanlı haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.
Fuad Qəhrəmanlının rəsmi olaraq sosial şəbəkələrdə yazdığı fikirlərinə görə cinayət məsuliyyətinə cəlb edildiyi elan olunub.
Müsavat Partiyası Fuad Qəhrəmanlının həbsinin Azərbaycan hakimiyyətinin ifadə azadlığına qarşı apardığı ardıcıl fəaliyyətin davamı kimi qiymətləndirərək qəti şəkildə pisləyir, hakimiyyətdən fərqli düşünənlərə qarşı siyasi repressiya tədbirlərinə son qoyulmasını, Azərbaycan xalqı və beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə əməl olunmasını, Fuad Qəhrəmanlı və digər siyasi məhbusların həbsdən azad edilməsini tələb edir".
Arqument.Az