Ankaradakı türk sammitinə qatılmayan Əliyev COP31 üçün Türkiyəyə gedib
Foto: Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia CommonsPrezident İlham Əliyev noyabrın 10-da Türkiyəyə gedib. Rəsmi AZƏRTAC agentliyinin məlumatına görə, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak edəcək. Sammit noyabrın 11-12-də keçiriləcək.
Azadlıq Radiosu xatırladır ki, Əliyev oktyabrın 29-30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü zirvə görüşünə qatılmamışdı, orada Azərbaycanı xarici işlər naziri təmsil etmişdi. Radionun yazdığına görə, bir çox siyasi təhlilçi bu addımı iki ölkə arasında münasibətlərin son aylarda soyuması ilə əlaqələndirirdi.
Fikir ayrılığı iki mövzu ətrafında yaranmışdı. Sentyabrda BMT Baş Assambleyasında İsrailin Baş naziri çıxış edərkən bir çox ölkənin nümayəndələri zalı tərk etsə də, Azərbaycan nümayəndələri zalda qalmışdı. Azərbaycan məktəblərində vahid geyim formasına edilən dəyişikliklər də Türkiyədə tənqid olunmuşdu: oradakı bəzi dairələr Bakını İsraillə əməkdaşlıqda və şagirdlərin hicabla məktəbə girməsinə mane olmaqda günahlandırırdı.
Türkiyə prezidentinin baş müşaviri Oktay Saral o vaxt “X” sosial şəbəkəsində təhsil hüququnun ideoloji müdaxilələrə qurban verilməməli olduğunu yazmışdı. Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası cavabında baş örtüyü kimi həssas mövzuların siyasi manipulyasiya və bölücülük aləti kimi işlədilməsinin nə Türkiyə xalqının birliyinə, nə də müsəlman dünyasının həmrəyliyinə xidmət etdiyini bildirmişdi. Saral sonradan istefa verib.
Gərginlikdən sonra Ərdoğan noyabrın 8-də Bakıda “Zəfər Günü” tədbirində iştirak edib. Orada Əliyev “heç kimə imkan vermərik ki, bizim aramıza girsin”, - deyib, Ərdoğan isə iki ölkə arasındakı münasibətlərin zamanın sınağından keçdiyini bildirib.


