Baş redaktor sərbəst buraxıldı - YENİLƏNİB
"Gündəm xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri sərbəst buraxılıb.
***
Bu gün səhər saatlarında "Gündəm- xəbər” qəzetinin baş redkatoru Şirin Cəfəri yaşadığı mənzildə DİN Mütəşəkkil Cinayətlarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.
Bu barədə məlumatı hüquq müdafiəçisi Oqtay Gülalıyev feysbuk səhifəsində paylaşıb.
Hüquq müdafiəçisi yazıb ki, jurnalistin həbsindən öncə onun evində axtarış aparılıb. Axtarış zamanı order təqdim olunmayıb və evdəkilərə qarşı kobudluq edilib. Hazırda jurnalistin "bandotdel”də saxlandığı bildirilir.
O.Gülalıyev bildirib ki, əldə etdiyi məlumata görə, Ş.Cəfərinin həbsinə səbəb onun baş redaktoru olduğu "Gündəm- xəbər” qəzetinin bugünkü sayında daxili işlər nazirinin müavini Vilayət Eyvazov haqqında manşetdə dərc olunan tənqidi yazı olub.
Xatırladaq ki, 2013- cü ildə Vergilər Nazirliyi tərəfindən 71.400 manat həcmində cərimələnən Şirin Cəfəri Kəpəz rayon məhkəməsinin qərarı ilə 3 il müddətinə şərti azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçisi Ş.Cəfərinin həbsini hakimiyyətin azad mətbuatın susdurulması istiqamətində apardığı siyasətin tərkib hissəsi kimi qiymətləndirib.
"Kimsə saxlanılırsa, müvafiq qaydada araşdırılır və araşdırmanın nəticəsindən asılı olaraq barəsində qanuni tədbir görülür".
Bu fikirləri DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov "Gündəmxəbər" qəzetinin təsisçisi Şirin Cəfərlinin bu gün polis tərəfindən saxlanılması ilə bağlı Unikal.org-un soğusunu cavablandırarkən deyib.
O qeyd edib ki, dünyanın ən inkişaf etmiş, ən demokratik dövlətlərində, o cümlədən Azərbaycanda heç bir peşə sahibinə, heç bir siyasətçiyə qanunları pozmaq səlayihəti və imtiyazı verilməyib: "Sözün düzü, adı çəkilən şəxsin polis tərəfindən saxlanılıb-saxlanmaması ilə bağlı hələlik dəqiq məlumatım yoxdur. Araşdıraram. Amma bununla belə yeri gəlmişkən deyim ki, ictimai asayişin və ictimai təhlükəsizliyin təmininə cavabdeh olan polis orqanları hər gün xidməti fəaliyyətləri zamanı qanun-qaydanın tələblərini pozan, ictimai asayişin və ictimai təhlükəsizliyin pozulmasına yönələn hərəkərlərə yol verən onlarla şəxsi saxlayır. Onların arasında sürücü də, jurnalist də, müxalifətçi də, iqtidarçı da ola bilər. Yəni peşəsindən və siyasi baxışından asılı olmayaraq hər kəs qanun qarşısında eyni hüquqa malikdir. Dünyanın ən inkişaf etmiş, ən demokratik dövlətlərində, o cümlədən Azərbaycanda heç bir peşə sahibinə, heç bir siyasətçiyə qanunları pozmaq səlayihəti və imtiyazı verilməyib. Əsas odur ki, Azərbaycanda yazdığı yazıya, səsləndirdiyi fikrə və siyasi baxışlarına görə həbs olunan yoxdur. Məsuliyyətə cəlb olunanların hamısı törətdiyi, yol verdiyi konkret əmələ görə məhkəmənin hökmü ilə cəzalanır. Bəzən hüquq-mühafizə orqanları tərəfindən saxlanılan elə adamların adlarını çəkirlər ki, sanki bunlar dünyaca məşhur olan toxunulmaz şəxslər imiş və bunlara güzəşt edilməlidir. Birdəfəlik bilməliyik ki, Qanunlarımız qarşısında hamımız bərabərik, fərq etməz, istər mətbuat nümayəndəsi olsun, istər partiya üzvü olsun, istərsə də ucqar bir dağ kəndində yaşayan vətəndaşımız olsun. Kimsə saxlanılırsa, müvafiq qaydada araşdırılır və araşdırmanın nəticəsindən asılı olaraq barəsində qanuni tədbir görülür".
Xatırladaq ki, bu gün mətbuatda jurnalist Şirin Cəfərlinin saxlanılması ilə bağlı xəbər yayılıb.