“SOCAR Petroleum” Naxçıvanda benzin qıtlığı barədə məlumatları təkzib edir
İllüstrativ foto: Vasyatka1, CC BY-SA 4.0, Wikimedia CommonsDövlət neft şirkəti SOCAR-ın yanacaq satışı ilə məşğul olan törəməsi “SOCAR Petroleum” Naxçıvan Muxtar Respublikasında avtomobil benzini qıtlığı yaşandığı barədə yayılan məlumatları təkzib edib. Şirkət bunu APA agentliyinin sorğusuna cavabında bildirib.
“SOCAR Petroleum”un sözlərinə görə, Naxçıvana yanacaq tədarükündə heç bir azalma və ya gecikmə qeydə alınmayıb. “İddiaların əksinə olaraq, Bakıdan Naxçıvana yanacağın daşınmasında logistik və ya sistemli problem yoxdur”, - şirkət bildirib.
Şirkət əlavə edib ki, gündəlik və aylıq tədarük həcmləri regionun tələbatını tam ödəyəcək səviyyədə tənzimlənir, yanacağın növbəti partiyaları isə müəyyən edilmiş qrafik üzrə çatdırılır.
Naxçıvan ölkənin əsas hissəsi ilə quru sərhədi olmayan eksklavdır, ona görə yanacaq oraya Bakıdan uzaq yolla çatdırılır.
