Tramp Putinin Ukrayna məsələsində bir qədər geri çəkildiyini deyir, Kreml avropalıların danışıqlara qoşulmasını şərtə bağlayır
Arxiv foto: Tramp və Putin Alyaskada, 2025, Benjamin D Applebaum, Public domain, Wikimedia CommonsABŞ Prezidenti Donald Tramp noyabrın 16-da Vaşinqtonda jurnalistlərə deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna məsələsində qarşıdurmadan bir qədər uzaqlaşıb. Putini mövqeyini yumşaltmağa necə inandırmaq barədə sualı cavablandıran Tramp bildirib ki, Rusiya lideri Ukraynada daha sərt, hətta xeyli sərt davrana bilərdi. Onun sözlərinə görə, Putin müharibənin bitməsini istəyir.
Elə həmin gün Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların növbəti raundunun Əbu-Dabidə keçiriləcəyini gözlədiklərini deyib. Uşakov bu məkanın Rusiya tərəfini qane etdiyini, amma görüşün tarixinin hələ razılaşdırılmadığını bildirib. Danışıqların əvvəlki raundu noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilmişdi.
Uşakov Avropa İttifaqı nümayəndələrinin danışıqlara qoşulmasının Moskva ilə razılaşdırılmadığını da deyib: “Formatın genişləndirilməsindən kimsə danışır, amma bu, bizimlə razılaşdırılmayıb”. Onun sözlərinə görə, bu məsələ avropalılar nə istədiklərini və nizamlanma üçün nə təklif edə biləcəklərini aydın göstərdikdən sonra gündəmə gələ bilər. Kreml rəsmisi bunun üçün ən azı daha bir, bəlkə də bir neçə üçtərəfli görüş raundunun keçməli olduğunu bildirib.
Bu açıqlamalar Putin, Tramp və Çin lideri Si Cinpinin noyabrın 19-da Çində görüşündən əvvəl səslənib. Tramp həmin görüşdə Ukraynadakı müharibəni, İranı və nüvə tərksilahını müzakirə etmək istədiyini deyib. Kremlin açıqlamasına görə, Putinlə Tramp arasında ayrıca ikitərəfli görüşün vaxtı üzərində hələ iş gedir.


