Prokurorluğun keçmiş generalın qızı Türkər Əliyevanın ev dustaqlığına buraxılmasından protest verdiyi bildirilir

İllüstrativ foto, Sumqayıt: Eylin Mehri, CC BY-SA 4.0, Wikimedia Commons
16-11-2026 12:36

Prokurorluq general-mayor Natiq Əliyevin dələduzluqda ittiham olunan qızı, mediator Türkər Əliyeva barəsində Sumqayıt Şəhər Məhkəməsinin seçdiyi ev dustaqlığı qərarından protest verib.

“Qafqazinfo” saytı əldə etdiyi məlumata istinadən yazır ki, protest artıq məhkəməyə təqdim olunub. Sayta görə, prokuror ağır cinayətdə ittiham edilən Əliyevanın azadlıqda qalmasına razı deyil və istintaqdan yayınma, tərəflərə təsir göstərmə ehtimalını əsas gətirərək onun həbsini tələb edir.

Sumqayıt Şəhər Məhkəməsi noyabrın 12-də istintaqın həbs tələbini təmin etməyib, Əliyevaya 4 ay müddətinə ev dustaqlığı seçib. Hakim onun uşaqlarını təkbaşına böyütdüyünü, vurulan ziyanın bir hissəsini ödədiyini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə aldığını bildirib.

İşdə şikayətçi Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini, ehtiyatda olan general-mayor Ceyhun Rzayevdir. İttihama görə, Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək edəcəyini deyərək Rzayevdən külli miqdarda pul alıb. Ona külli miqdarda dələduzluq və vəzifə saxtakarlığına təhrik maddələri ilə ittiham verilib, barəsində hökm yoxdur.

Natiq Əliyev əvvəllər Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubuna, sonra nazirliyin Tibb Baş İdarəsinə rəhbərlik edib.

Digər xəbərlər